“Goranboy 2026 – Gənclər Paytaxtı” çərçivəsində mənalı təşəbbüs

post-img

“Goranboy 2026 – Gənclər Paytaxtı” ümumrayon tədbirləri çərçivəsində Goranboy Olimpiya İdman Kompleksində şəhid övladları üçün təşkil olunan gənclik düşərgəsinin açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, YAŞAT Fondu və Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən düşərgədə respublikanın müxtəlif bölgələrindən olan, şəhid ailələrinə mənsub 16–29 yaş aralığında ümumilikdə 60 gənc iştirak edir. Düşərgə 9–13 fevral 2026-cı il tarixlərini əhatə edir.

Açılış mərasimində Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb, gənclərə uğurlar arzulayıb. Tədbirdə həmçinin müvafiq qurumların nümayəndələri, şəhid ailələri və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Qeyd edək ki, düşərgə müddətində gənclər üçün maarifləndirici görüşlər, idman və sosial fəaliyyətlər, komanda ruhunu gücləndirən müxtəlif proqramların həyata keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs gənclərin asudə vaxtının səmərəli təşkili, sosial inteqrasiyası və şəxsi inkişafına töhfə vermək baxımından çox faydalıdır.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri













Sosial həyat