Azərbaycan alimi Daşkənddə məruzə edib

post-img

Daşkənddə görkəmli özbək folklorşünas alimi, akademik Törə Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş “Türk xalqlarının folklorunun müqayisəli tədqiqi: yerli xüsusiyyətlər və elmi-nəzəri yanaşmalar” adlı III Beynəlxalq Simpozium keçirilib.

Özbəkistan Elmlər Akademiyasında keçirilən tədbirdə “Özbəkistandan əlavə Azərbaycan, Almaniya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, və Koreyadan gələn 200-dən çox alim iştirak edib, 204 elmi məruzə dinlənilib. Simpozium çərçivəsində “Alpamış”, “Qorqud Ata”, “Saqibülbül”, “Koroğlu”, “Malika Ayyar”, “Kuntugmuş” və “Aşıq Qərib” və başqa tematik bölmələr üzrə məruzələr dinlənilib.

Tədbirdə Azərbaycanı AMEA Folklor İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova təmsil edib. O, “Xarəzm dastançılıq məktəbinin timsalında özbək dastançılıq məktəbinin özünəməxsus xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Xarəzm baxşı ifaçılığı təşəkkülünün dastan janrının formalaşması prosesi ilə üzvi şəkildə bağlı olduğu elmi əsaslarla izah edilib, qədim mədəniyyət ocaqlarından biri hesab edilən Xarəzm bölgəsində bu sənətin yaranması və inkişaf mərhələləri təhlil olunub.

Aynur İbrahimova, həmçinin simpoziumun “Qorqud Ata” bölümünə moderatorluq edib.

K.QULU
Daşkənd



Sosial həyat