Azərbaycan Tibb Universitetində tələbə-gənclərlə maarifləndirici görüş keçirilib

post-img

Aprelin 15-də Azərbaycan Tibb Universitetində tələbə-gənclərlə maarifləndirici görüş təşkil olunub.

XQ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbə-gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” adlı layihə çərçivəsində baş tutub. Layihə gənclərin maarifləndirilməsi, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi və müasir çağırışlar fonunda milli kimliyin qorunması istiqamətində mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru Mahir Səfərov iştirakçıları salamlayaraq belə görüşlərin tələbələrin dünyagörüşünün formalaşmasına, onların vətəndaş mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, ali təhsil müəssisələrində yalnız peşə biliklərinin deyil, eyni zamanda milli və mənəvi dəyərlərin aşılanması da əsas prioritetlərdən biridir. Prorektor bu cür layihələrin universitet mühitində gənclərin fəallığını artırdığını və onların cəmiyyət həyatında daha aktiv rol oynamasına şərait yaratdığını vurğulayıb.

Daha sonra söz Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Emin Həsənliyə verilib. O, çıxışında layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verərək bildirib ki, bu layihə Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında milli kimlik, milli-mənəvi dəyərlər və zəngin mədəni irsin daha dərindən mənimsənilməsinə xidmət edir. Onun sözlərinə görə, layihə çərçivəsində təşkil olunan görüşlər interaktiv metodlar, açıq müzakirələr və praktiki yanaşmalar vasitəsilə həyata keçiriləcək və gənclərin mövzuya daha aktiv cəlb olunması təmin ediləcək.

Emin Həsənli vurğulayıb ki, layihənin əsas məqsədi gənc nəslin milli şüurunun gücləndirilməsi, onların tarixi köklərə bağlılığının artırılması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsidir. O həmçinin qeyd edib ki, təşkilatın indiyədək həyata keçirdiyi bütün tədbirlərdə gənclərin vətənə bağlılığının möhkəmləndirilməsi, cəmiyyətdə birlik və həmrəylik ruhunun təşviqi əsas prioritet olub və bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək.

Növbəti çıxışçı, layihənin eksperti Taleh Əliyev mövzunun aktuallığına toxunaraq bildirib ki, müasir qloballaşma şəraitində gənclər müxtəlif xarici təsirlərə daha açıq olan sosial qruplardan biridir. Bu baxımdan onların milli kimliyinin qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ekspert qeyd edib ki, milli ruhda formalaşmış gənclik dövlətin gücünün, sabitliyinin və davamlı inkişafının əsas dayaqlarından biridir. O əlavə edib ki, gənclərin düzgün istiqamətləndirilməsi və maarifləndirilməsi gələcəkdə sağlam və güclü cəmiyyətin formalaşmasına zəmin yaradır.

Tədbirdə çıxış edən Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin sədri, tanınmış jurnalist Seyfəddin Hüseynli də milli kimlik və mənəvi dəyərlərin qorunmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, hər bir xalqın gücü onun milli kimlik şüurunun səviyyəsi ilə ölçülür və bu şüurun formalaşmasında gənclərin rolu əvəzsizdir. Natiq qeyd edib ki, dövlət tərəfindən həyata keçirilən maarifləndirici layihələr gənclərin öz dəyərlərinə sahib çıxmasına və milli irsi yaşatmasına mühüm töhfə verir.

Görüş interaktiv formatda davam edib, tələbə-gənclər çıxışçılara onları maraqlandıran sualları ünvanlayıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edərək layihəyə maraq və dəstəklərini ifadə ediblər.

Məlumat üçün bildirək ki, üç ay müddətində icra olunacaq layihə çərçivəsində Bakı şəhərində yerləşən 7 ali və orta ixtisas təhsil müəssisəsində maarifləndirici görüşlərin təşkili, eləcə də yekun təqdimat tədbirinin keçirilməsi nəzərdə tutulur. Layihə gənclər arasında milli-mənəvi dəyərlərin təşviqi, onların ictimai fəallığının artırılması və milli kimlik şüurunun möhkəmləndirilməsi istiqamətində davamlı və sistemli fəaliyyətin gücləndirilməsinə xidmət edir.







Sosial həyat