Azərbaycan Universitetində beynəlxalq konfrans keçiriləcək

post-img

Azərbaycan Universiteti, Prezident yanında Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat və Rəcəb Tayyib Ərdoğan Universitetlərinin təşkilatçılığı ilə  “Sosial iş və sosial tədqiqatlar” (Social Work & Social Research) mövzusunda 2-ci beynəlxalq konfransa hazırlıq işləri başa çatmaqdadır. 

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, konfransın təşkilat komitəsinin sədri, professor Yusif Qasımovun məlumatında bildirilir ki,  universitetin ev sahibliyində keçiriləcək konfrans sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsi, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir.

Bu mövzuda 1-ci konfrans 2023-cü ilin 24-25 noyabr tarixlərində Azərbaycan Universitetində  ABŞ-ın Sent-Luis Vaşinqton, Türkiyənin Sakarya Universitetləri və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilib. Sosial iş ixtisası və sosial iş təcrübəsinin beynəlxalq müstəvidə müzakirə olunduğu beynəlxalq tədbirdə 32 ölkədən 156 məruzə dinlənilib, bölmə iclaslarına isə 40-a yaxın ölkədən tədqiqatçı və mütəxəssis qoşulub.  Konfransda sosial tədqiqatlar sahəsində dünyanın aparıcı alimləri Michael Sherraden, Jin Huang, Shu Fang, Lissa Johnson, Li Zou, Aytəkin Hüseynli plenar məruzələrlə çıxış ediblər. 

Qeyd etmək yerinə düşər ki, konfransa ev sahibliyi edən Azərbaycan Universitetində “Sosial iş” ixtisasının tədrisi 2009-cu ildə başlayıb.  Universitet bu ixtisasın tədrisinə başlayan ilk özəl universitetdir. Hazırda ali təhsilin hər üç səviyyəsində kadr hazırlığı aparılır. İxtisas bakalavriat səviyyəsi üzrə 2023-cü ildə  beynəlxalq akkreditasiyadan keçib. Magistratura səviyyəsində beynəlxalq akkerditasiyanın alınması planlaşdırılır. Son 5 ildə məzun olan 260 tələbədən 120 nəfəri öz ixtisası üzrə çalışır. Təkcə kadr hazırlığı yox, bu sahədə elmi tədqiatların aparılması da universitetin prioritetləri sırasındadır. 

Sosial iş sahəsində elmi tədqiqata, sosial sahədə elmi təhlilə olan marağı nəzərə alan universitet rəhbərliyi “Social Issues” elmi jurnalını təsis edilib. İndiyə qədər jurnalın 7 nömrəsi çap olunub. Digər tərəfdən son zamanlar mövcüd olan münaqişə ocaqlarına yenilərinin qoşulması, təbii və ekoloji fəlakətlər - bunlar hamısı dünyada sosial sahədə problemlərin artdığını bir daha vurğulayır və elmi istiqamətdə onların araşdırılmasını zəruri edir.

Elmi işlər üzrə prorektor qeyd edib ki, Azərbaycan Universiteti həm bu zərurəti, həm də birinci konfransa beynəlxalq elmi mühitin göstərdiyi diqqəti nəzərə alaraq mərasimin 2-cisini də təşkil etməyə  qərar verdi. Hazırda konfransın hazırlıqları sürətlə davam edir. Dünyanın 20-dən çox ölkəsindən təqdim edilmliş tezislərin qəbulu yekunlaşıb və plenar məruzəçilər müəyyənləşdirilib. Birləşmiş Krallıqdan Yasuhıro Kotera, Rumıniyadan Stefan Cojocaru, Türkiyədən Elif Gökçearslan, Çindən Erıc Chui konfransın plenar iclasında məruzə ilə çıxış edəcəklər. 

Beynəlxalq mərasimin təşkilatçıları sosial sahənin tədqiqatçılarını və maraq göstərən hər kəsi konfransa dəvət edir. 

XQ



Təhsil