Azərbaycan Dillər Universiteti (ADU) tələbələri Koreya Respublikasının İnha Universiteti ilə birgə həyata keçirilən “Qlobal iqlim böhranına qarşı mübarizə” adlı beynəlxalq layihə çərçivəsində uğurla çıxış ediblər. Layihə ADU və İnha Universiteti arasında 2019-cu ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında bağlanmış “Qlobal iqlim böhranına cavab vermək üçün tərəfdaşlıq qurulması” sazişi çərçivəsində reallaşdırılıb.
Universitetdən verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycan və Koreya tələbələri arasında əməkdaşlıq yaradaraq qlobal iqlim dəyişiklikləri ilə bağlı problemlərin araşdırılması və mümkün həll yollarının hazırlanmasıdır. 2025-ci ilin əvvəlindən etibarən davam edən bu proqramda Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti (BMU) və Koreya universitetlərinin tələbələri iştirak ediblər. Tələbələr altı komandaya bölünərək iqlim dəyişikliyi ilə bağlı müxtəlif layihələr hazırlayıblar.
Açılış mərasimi iyulun 28-də Azərbaycan Dillər Universitetində baş tutan hakatonun yekun mərhələsi və təqdimat hissəsi isə iyulun 31-də Bakı Mühəndislik Universitetində keçirilib.
Yekun tədbirdə altı komanda hazırladıqları layihələri təqdim edib. Münsiflər heyətində Azərbaycan Dillər Universitetinin baş müəllimi Püstəxanım Səlimxanova və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Ekologiya şöbəsinin müdiri Günay Abbasova Azərbaycan tərəfini təmsil ediblər.
Nəticəyə əsasən, ADU-nun Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə III kurs tələbəsi Elvira Ələkbərovanın da üzv olduğu “Green빛 (bit)” komandası “Electricity Tracking App” adlı layihə ilə birinci yerə layiq görülüb. Komandanın digər üzvləri isə Bakı Mühəndislik Universitetindən Naidə Sadıqova və Cənubi Koreyanın İnha Universitetindən An Hyejin olmuşdur. Qalib komandaya sertifikatlar təqdim olunub və layihə çərçivəsində komandaya Koreyaya səfər edərək ekoloji təlimlərdə iştirak imkanı yaradılıb.
ADU tələbələri digər komandaların tərkibində də fəal iştirak ediblər. Tərcümə fakültəsinin tələbələri Aytac Muradova, Nigar Vəliyeva, Firuzə Mehdizadə, Nuray Xudiyeva və Hüsniyyə Məmmədova uğurla çıxış ediblər və nümayiş etdirdikləri fəallığa görə sertifikatlarla təltif olunublar.
Azərbaycan Dillər Universiteti olaraq tələbələrin beynəlxalq səviyyəli layihədə göstərdikləri fəallıq və əldə etdikləri uğur bizi qürurlandırır. Belə əməkdaşlıqlar tələbələrin dünyagörüşünü genişləndirir, ekoloji problemlərə yanaşmalarını zənginləşdirir və onların gələcək fəaliyyətlərinə dəyərli töhfələr verir.