Türkiyənin Diyarbakır şəhərində keçirilən I Avrasiya Pediatriya Zirvəsi və V Şərqi Pediatriya Konqresində Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti də iştirak edib
ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq tədbirdə ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli və Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramova Azərbaycanı təmsil ediblər.
Konqres Dicle Universitetinin Konqres Mərkəzində baş tutub və 9 ölkədən ümumilikdə 2056 iştirakçını bir araya gətirib. Tədbirdə ABŞ, Polşa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Kipr, İraq və digər ölkələrdən pediatriya sahəsində tanınmış mütəxəssislər çıxış ediblər.
Professor Aytən Məmmədbəyli “Peyvəndlər, nevroloji fəsadlar” mövzusunda elmi məruzə ilə çıxış edərək peyvəndlərin sinir sistemi üzərində təsirlərinə dair aktual elmi məlumatları iştirakçılarla bölüşüb. Dosent Nigar Bayramova isə “Peyvəndlə uşaq sağlamlığında körpülər qurmaq” mövzusunda keçirilən panel müzakirəsinə həmsədr olaraq qatılıb.
Konqresin açılış mərasimində çıxış edən Şərqi Pediatriya Dərnəyinin sədri, professor Velat Şen, müasir dünyada uşaqların üzləşdiyi təhlükələrə diqqət çəkərək, “Artıq ayağa qalxmağın, insanlığın ən müqəddəs əmanəti olan uşaqlara sahib çıxmağın zamanıdır” fikrini vurğulayıb və beynəlxalq ictimaiyyəti uşaqlara qarşı zorakılığa son qoymağa çağırıb.
Tədbirin sonunda ATU əməkdaşlarına konqresdəki elmi töhfələrinə və beynəlxalq əməkdaşlığa verdikləri dəstəyə görə Dicle Universiteti Tibb Fakültəsi və Şərqi Pediatriya Dərnəyi tərəfindən təşəkkür sertifikatları təqdim olunub. Bundan əlavə, tədbirin təşkilindəki roluna görə Sağlıq Bilimləri Universiteti Özbəkistan nümayəndəsi və Buxara İbn Sina Tibb Fakültəsinin dekan vəkili dosent Aynur Feyzioğluna təşəkkür plaketi təqdim edilib.
Mustafa Kamal
XQ