TAU-nun təşəbbüsü ilə Milli Qida Texnologiyaları Platformasının görüşü olub: təhsil proqramları yenilənir

post-img

Türkiyə-Azərbaycan Universitetində (TAU) Milli Qida Texnologiyaları Platformasının beşinci toplantısı keçirilib. Türkiyə-Azərbaycan Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən iclas qida mühəndisliyi sahəsində təhsil proqramları və tədris planlarının (ali təhsilin bakalavriat səviyyəsi üzrə) yenilənməsi istiqamətində işlərə başlanmasına həsr olunub.

XQ xəbər verir ki, iclasda TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Osman Hacıyev, Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen, TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ümran Uyqun, "Qida mühəndisliyi" ixtisasının tədris olunduğu Türkiyə-Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, ADA-İtaliya Azərbaycan Universitetinin professor-müəllim heyəti iştirak edib.

Görüşdə hazırda universitetlərdə tətbiq olunan qida mühəndisliyi üzrə təhsil proqramları və tədris planları (ali təhsilin bakalavriat səviyyəsi üzrə) ətraflı analiz olunub. Türkiyənin qida mühəndisliyi sahəsində aparıcı ali təhsil müəssisəsi olan Hacettepe Universitetinin bu istiqamətdə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb. Hacettepe Universitetinin Qida mühəndisliyi proqramının strukturu, tətbiqyönümlü dərsləri və ixtisaslaşmağa verdiyi önəmi müsbət təcrübə kimi dəyərləndirilib.

Görüşdə Azərbaycan ali məktəblərində Qida mühəndisliyi ixtisası üzrə təhsil proqramları və tədris planlarının təkmilləşdirilməsi və gələcəkdə görüləcək tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb. Ölkədə qida mühəndisliyi üzrə ixtisaslaşmanın aparılmasının, həmçinin təcrübə yönümlü dərslərin tədris prosesində rolunun artırılmasının vacibliyi xüsusi vurğulanıb.

Sonda səsləndirilən təkliflər və aparılan müzakirələr nəzərə alınıb. Tədrisin keyfiyyətinin artırılması məqsədilə daha əhatəli təhsil proqramları və tədris planlarının hazırlanması ilə bağlı qərar qəbul edilib. Yeni proqramın beynəlxalq təcrübəyə əsaslanaraq əmək bazarının tələblərinə cavab verən və tələbələrin praktiki bilik və bacarıqlarını inkişaf etdirən məzmun əsasında formalaşdırılması planlaşdırılır.

XQ



























Təhsil