İstanbulda 6,2 bal gücündə zəlzələ olub

post-img

Zaval görməyəsən, qardaş Türkiyə! 

Dünən günorta saatlarında Türkiyənin İstanbul şəhərində güclü zəlzələ olub. Qardaş ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, aprelin 23-də gündüz saat 12:49-da İstanbul sahillərində Mərmərə dənizi bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib, ardınca çox sayda afterşoklar olub.

Zəlzələdən sonra çağrı mərkəzinə 6 mindən çox müraciət daxil olub. Bu barədə daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Çağrı mərkəzimiz 6 100 müraciət qəbul edib. Bu zənglərin əksəriyyəti məlumat almaq məqsədi ilə edilib”, – deyə nazir bildirib.

Dünən axşam saatlarında yerli mediaya verilən məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alan 151 vətəndaş şəhər xəstəxanalarına yerləşdirilib. Xoşbəxtlikdən onların həyati üçün ciddi təhlükə yoxdur. Qeyd olunur ki, zədə alanlar əsasən təlaşa düşərək özlərini yüksək yerlərdən yerə tullayanlardır.

İstanbulda məktəb və universitetlərdə 2 günlük tətil elan edilib. Təhsil naziri Yusif Tekin deyib ki, dövlət qurumlarında işləyən əlillər, hamilə qadınlar, müharibə əlilləri və 10 yaşdan kiçik uşağı olan analar bu müddət ərzində inzibati məzuniyyətli sayılacaqlar. Səhiyyə və təhlükəsizlik qurumlarında çalışan əməkdaşlara isə, bu, şamil edilmir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı zəlzələ ilə bağlı əhalini təşvişə düşməməyə çağırıb. Vurğulayıb ki, bütün dövlət qurumları təbii fəlakətlə əlaqədar hazırda gücləndirilmiş iş rejimində işləyir. 

İstanbuldakı zəlzələnin Azərbaycana hansı təsiri ola bilər? AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu sualın cavabında belə deyib: “Türkiyədə avtoşoklar enerji boşalması olana qədər davam edəcək. Həmin zəlzələ zəif deyil, güclüdür. Uzun müddət gərginlik yaşayan bölgədə parçalanmalar baş verir, bu da enerji boşalmasının davam etməsinə səbəb olur. Bu zəlzələnin bizim ölkəyə heç bir təsiri yoxdur. Həmin zəlzələ bizim zəlzələ ocaqlarını oyada bilməz”.

Dünən zəlzələdən təxminən bir saat sonra İstanbul Qəbzə Texniki Universitetinin II kurs tələbəsi, həmyerlimiz Qabil Rəhimli ilə əlaqə saxladıq. O dedi ki, hazırda avtoşoklar hiss olunur, amma hamı ümid edir ki, Allah İstanbul sakinlərini öz himayəsində saxlayacaq. 

Gənc həmyerlimiz onu da bildirdi ki, şəhər sakinlərinə, eləcə də gənc tələbələrə gecə saatlarında hündür mərtəbəli binalarda qalmamalarını tövsiyə ediblər. Ona görə də Qabil tələbə dostları ilə birlikdə kitabxanada gecələməyi düşünür.

P.S.Yazını bitirəndə ürəyimdən tam səmimi olaraq bir nida qopdu: Allah səni qorusun, Türkiyəm! 

M.HACIXANLI 
XQ 

 





Dünya