Yaxın vaxtlarda Körfəzin ərəb ölkələrinə vahid turist vizası tətbiq olunacaq

post-img

BƏƏ-nin iqtisadiyyat naziri Abdullah bin Tuoq Al Marrinin sözlərinə görə, Körfəz ölkələri üçün vahid turist vizası təsdiqlənib və yaxın vaxtlarda tətbiq olunacaq.

AZƏRTAC-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, vahid viza xarici turistlərə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzvü olan altı dövlətin hamısına: BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Oman və Küveytə bir sənədlə səfər etmək imkanı verəcək. Bu yenilik, ekspertlərin fikrincə, yeni iş yerləri yarada və ÜDM-nin artımına mühüm töhfə verə biləcək regionun turizm sənayesi üçün mühüm irəliləyiş kimi qiymətləndirilir.

Vahid vizanın tətbiqi ilə birləşmiş səfərlərin populyarlığının artacağı gözlənilir; işgüzar və istirahət səyahətləri birlikdə həyata keçirilə biləcək. Turistlər biznes məsələlərini həll etməklə yanaşı, qonşu ölkələri də kəşf edə biləcəklər ki, bu da səfərləri daha zəngin və maraqlı edəcək.

Körfəz Əməkdaşlıq Şurası Statistika Mərkəzinin məlumatına görə, 2023-cü ildə regiona 68,1 milyon turist gəlib və 2019-cu ildə pandemiyadan əvvəlki dövrlə müqayisədə 42,8 faiz artaraq 10,4 milyard dollara çatan turizm gəliri əldə edib.

Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına görə, turizm sektorunun BƏƏ iqtisadiyyatına töhfəsi artmaqda davam edir və keçən il sözügedən sahədə 833,000 iş yeri yaradıb. Bu rəqəmin 2030-cu ilə qədər bir milyonu ötəcəyi, hər doqquz nəfərdən birinin qonaqlama sektorunda çalışacağı gözlənilir.

Bölgənin aparıcı turizm mərkəzi olan Dubay 2025-ci ilin ilk dörd ayında 7,15 milyon turist qəbul edib ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz çoxdur.

Dünya