Yağışdan çıxıb yağmura düşən Mali xalqı
Fransanın zülmündən qurtulan Mali xalqı bu dəfə Rusiya kölgəsində yeni fəlakətə sürüklənir. Malidə koloniya zəncirlərinin qırılması sevinclə qarşılanmışdı. Fransa ordusunun ölkədən çıxarılması, ilk baxışdan, uzun illər əziyyət çəkən xalq üçün yeni səhifə kimi görünürdü. Lakin gözlənilən azadlıq çox keçmədən daha qaranlıq bir dövrə keçidi ifadə etdi.
“Vaqner”in gəlişi: azadlıq, yoxsa işğalın yeni forması?
2021-ci ildə Fransanı əvəz edən “Vaqner” qrupu Malidə “xilaskar” kimi təqdim olunsa da, qısa müddətdə xalq arasında qorxu və dəhşət rəmzinə çevrildi. Nüfuzlu “Jeune Afrique” saytının yazdığına görə, bu yarımhərbi qurumun nə rəsmi strukturu, nə sözçüsü, nə də fəaliyyətinə nəzarət edən hər hansı bir beynəlxalq instansiya var.
Mali mediasında “Vaqner” adını çəkmək belə qadağan olunmuş kimi görünür. Məlumata görə, bu barədə yazanlar ya itkin düşür, ya da döyülərək susdurulur. Amma sağ qalan şahidlərin səsi bəzən də olsa eşidilir – xüsusilə də “Forbidden Stories” jurnalist şəbəkəsinin araşdırmalarında.
İşgəncə, kobudluq, terror
Araşdırmalar göstərir ki, “Vaqner”in Malidə fəaliyyət prinsipi çox sadədir: istənilən şəxs cinayət törətmədən belə “cihadçı” adı ilə həbs edilə və qeyri-qanuni həbsxanalarda saxlanıla bilər. Bu “həbsxanalarda” dindirmə işgəncə formasında keçirilir: qaynar kərpiclə cəzalandırma, dağlama və fiziki təzyiqlə “ifadə” alınması.
Maraqlıdır ki, bu metodlar keçmiş SSRİ-də tətbiq olunan susdurma və iltizam alınması təcrübəsinə çox bənzəyir.
BMT-nin təsdiqlədiyi cinayət
“Vaqner”in adının hallandığı ən böyük qətliam 2022-ci ilin martında baş verib. Mura adlı kənddə cəmi 3 gün ərzində 600-ə yaxın günahsız insan “cihadçı” adı ilə qətlə yetirilib. BMT bu faktı təsdiqləyib. Vaqnerin nəzarəti altında olan ərazilərdə onlarla kəndin “xəritədən silindiyi” bildirilir.
“Vaqner” gedir, “Africa Corps” gəlir
Bu Qurban bayramında malililər üçün sevincli xəbər gəlmişdi – “Vaqner” ölkəni tərk edir. Ancaq bu sevinc uzun çəkmədi. Bir gün sonra onu əvəz edən yeni qurum – "Africa Corps" – fəaliyyətə başladı. Əslində isə bu, eyni aktorun fərqli ad altında yeni təqdimatı idi.
Mali – “müstəqil” müstəmləkə
Mali xalqı fransız kolonializmindən xilas olduğunu düşünərkən, indi rus neomüstəmləkəçiliyinin daha sərt formasına düçar olub. Əgər fransızlar maliyyə və resursları istismar edirdisə, “Vaqnerçilər” artıq insan həyatını hədəfə alır.
Afrikada neomüstəmləkəçiliyin ən ağrılı üzü budur – formal müstəqillik var, amma real azadlıq yoxdur. Mali bu mənada həm simvol, həm də xəbərdarlıqdır.
XQ