Süni intellekt “qalaktik müstəmləkəçiliyə” aparacaqmı?

post-img

Texnologiya nəhəngi “Google DeepMind” laboratoriyasının baş direktoru, britaniyalı tədqiqatçı Demis Hassabis yaxın 5–10 il ərzində Süni Ümumi İntellektin – (AGI), (Artificial General Intelligence-red) yaradılması ehtimalını 50 faiz olaraq qiymətləndirir. 

Alim hesab edir ki, super modern texnologiya reallığa çevrildiyi təqdirdə, bu, bəşəriyyət tarixində yeni bir dövrün – ulduzlara doğru səyahətin və qalaktik müstəmləkəçiliyin başlanğıcı ola bilər.

“Wired” nəşrinə verdiyi açıqlamada D.Hassabis qeyd edib ki, 2030-cu ildən etibarən insanlıq “maksimum rifah və imkanlar erasına” qədəm qoya bilər. Onun fikrincə, AGI-nin tətbiqi təkcə texnoloji sıçrayış deyil, həm də sosial-iqtisadi dəyişikliklər üçün əsas olacaq.

“Radikal bolluq” dövrü

D.Hassabis bildirir ki, AGI texnologiyası sağlamlıq, enerji və ətraf mühit kimi fundamental sahələrdə gizli qalan sirləri açmaq gücünə malik olacaq. Eyni zamanda, o, yeni layihənin mövcud kapitalist sistemin doğurduğu resurs qeyri-bərabərliyi və yoxsulluq problemini aradan qaldıra biləcəyinə inanır.

D.Hassabisin fikrinə görə, AGI arzu olunana bolluq erasını mümkün edəcək. Bu isə bəşəriyyətin uzunmüddətli problemlərini – istər xəstəliklər, istər iqlim böhranı, istərsə də sosial bərabərsizliyi yeni yanaşmalarla həll etməyə şərait yaradacaq.

AGI nədir?

Xatırladaq ki, AGI– insan kimi düşünə bilən, müxtəlif sahələrdə dərin idrak qabiliyyətinə sahib, tapşırıqları təlimsiz şəkildə yerinə yetirə bilən süni intellekt texnologiyasıdır. Mövcud süni intellekt sistemlərindən fərqli olaraq, AGI tək bir ixtisasa deyil, ümumi və çevik zəkaya əsaslanır.

Hazırda AGI-nin elmi və texnoloji baxımdan hələ tam reallaşmadığı qəbul edilsə də, bir çox aparıcı tədqiqatçılar onun yaxın onillikdə mümkün ola biləcəyini düşünürlər.

Bu açıqlamalar texnologiyanın insan həyatına və bəşəriyyətin gələcəyinə təsiri ilə bağlı qlobal müzakirələri yenidən alovlandırıb. AGI gerçəyə çevrildikdə, artıq bu, yalnız texnologiya deyil, həm də sivilizasiyalar səviyyəsində dönüş nöqtəsi olacaq.

S.ELAY
XQ

 

Dünya