Rusiya və ABŞ prezidentləri arasında görüş yalnız ekspertlər səviyyəsində hazırlandıqdan sonra baş tuta bilər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Hesab edirik ki, əvvəlcə ekspertlər səviyyəsində iş görməliyik. Çünki bu işi, bu çətin, mürəkkəb işi prezidentlərin öhdəsinə buraxmaq tamamilə məntiqsizdir. Əvvəlcə hazırlaşmalı, nizamlanmanın parametrlərini tərtib etməli, sonra isə onları ən yüksək səviyyədə düzəltmək lazımdır, əksinə ola bilməz”, - o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda Donald Trampla Vladimir Putin arasında görüş təşkil etməyə hazır olması ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Razılaşdırılmış təmaslar olmadığı üçün görüşə heç bir əsaslı hazırlıq yoxdur.
Kreml təmsilçisindən Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskva və Kiyevin Rusiya və Ukrayna prezidentləri arasında gələcəkdə mümkün görüşünün onun ölkəsində keçirilə biləcəyi ilə bağlı prinsipial razılığa gəlindiyi barədə sözlərinə münasibət bildirməsi də xahiş olunub: “Türkiyə, şübhəsiz ki, danışıqların bütün tərəfləri tərəfindən bəyənilir və təbii ki, burada mən öz tərəfimizdən danışıram. Biz Ankaraya və Türkiyə rəhbərliyinə vəziyyətin həlli yollarının tapılmasında göstərdikləri səylərə, Türkiyə rəhbərliyinin danışıqlar üçün təmin etdiyi şərtlərə görə minnətdarıq və əlbəttə ki, bizim bu münasibətimiz gələcək üçün qalır”.
O, Putinin Çinə səfərə hazırlaşdığını xatırladıb: “Əgər ABŞ prezidenti eyni tarixlərdə Çinə də səfər etməyi qərara alırsa, o zaman dövlət başçıları eyni şəhərdə olarsa, təbii ki, nəzəri cəhətdən belə bir görüşü istisna etmək olmaz. Amma hələlik heç bir konkret inkişaf və ya hazırlıq işləri görülmür”.
Peskov Trampın Çinə dəvət alması və orada Putinlə mümkün görüşünü istisna etməməsi barədə açıqlamasını belə şərh edib.
P.ƏMİRCANOV
XQ