Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin əsas məqsədlərindən biri gənclərin intellektual, elmi və peşəkar potensialının artırılması, onların cəmiyyətin inkişaf proseslərində fəal iştirakının təmin edilməsidir. Müasir dövrdə qlobal çağırışlar, innovativ texnologiyaların sürətli inkişafı və əmək bazarının dəyişən tələbləri gənclərin əlavə bilik və bacarıqlarla sistemli şəkildə dəstəklənməsini zəruri edir. Qeyd olunan ehtiyacları nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 10 sentyabr 2025-ci il tarixli qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyası yaradılıb və dosent Elmir Babayev Gənclər Akademiyasına sədr təyin edilib.
İctimai əsaslarla fəaliyyət göstərən Gənclər Akademiyası gənclərin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, analitik və strateji düşünmə bacarıqlarının inkişaf etdirilməsi, liderlik və idarəetmə sahəsində səriştələrinin gücləndirilməsi məqsədi daşıyır.
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə keçirilən Gənclər Akademiyasının ilk iclasında qurumun idarə heyəti, strukturu və yeni tərkibi müəyyənləşdirilib.
Akademik İsa Həbibbəyli Gənclər Akademiyasının yaradılmasının önəmindən və qarşıda duran vəzifələrdən danışıb, müvafiq tapşırıqlar verib. Qeyd edib ki, Gənclər Akademiyasının fəaliyyətinin təşkilində diqqət olunacaq məsələlər – regionlarda elmi gəncliyə dəstək, yay və qış məktəblərinin, eləcə də konfransların, seminar və ustad dərslərinin təşkili, beynəlxalq elmi əməkdaşlıqların gücləndirilməsi və s. kimi məsələlərin AMEA-nın başlatdığı yeniləşmə hərəkatının və bu hərəkatın davamı olaraq yeni islahatların aparılmasında prioritetlərdəndir.
İclasda Gənclər Akademiyasının strukturuna daxil edilən qurumlara rəhbər şəxslər də təyin olunub.
Gənclər Akademiyasının elmi məslətçisi filologiya elmləri doktoru, dosent Sərxan Xavəri, sədri dosent Elmir Babayev, sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva çıxış edərək Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərmək üçün Gənclər Akademiyasının əlindən gələni edəcəyini vurğulayıblar. Gənclər Akademiyasının struktur rəhbərləri Orxan İsayev, Arzu İsgəndərzadə və Günel Əzimova isə göstərilən etimada, elmi gəncliyə dəstəyə, diqqət və qayğıya görə AMEA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Gənc alimlər AMEA gənclər hərəkatının ölkədə və ölkədən kənarda əhəmiyyətli layihələrdə iştirakı üçün var gücü ilə çalışacaqlarını söyləyiblər.
Qabil YUSİFOĞLU
XQ

