Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 14 avqust tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (bundan sonra – Xidmət) rəsmi emblemi Xidmətin rəmzidir. Rəsmi emblem Xidmətin hər bir əməkdaşına Xidmətin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.
2. Xidmətin rəsmi emblemi Xidmət əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Xidmətə mənsubiyyətini bildirən nişandır.
3. Xidmətin rəsmi emblemi Xidmətin hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Xidmətin rəsmi emblemi onun blanklarında, inzibati binalarının Xidmətin adı göstərilən lövhələrində yerləşdirilə bilər.
4. Xidmətin rəsmi embleminin təsvirindən aşağıdakılarda istifadəyə yol verilir:
4.1. Xidmətin çap məhsullarında, kino, video, fotomateriallarında;
4.2. Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatı, suvenirlər və digər məhsullar).