Azərbaycanın tibb sahəsindəki uğurları beynəlxalq aləmdə daha bir nüfuzlu tədbirdə nümayiş etdirilib. ABŞ-ın San-Fransisko şəhərində keçirilən Dünya Transplant Konqresində (World Transplant Congress, WTC 2025) Azərbaycan Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının sədri, tibb elmləri doktoru Rəşad Şolan iştirak edib.
Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının mətbuat katibi Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, R. Şolan konqresdə böyrək transplantasiyası üzrə Azərbaycan təcrübələrinə dair məruzə ilə çıxış edib. Məruzə “American Urologic Society for Transplantation and Renal Surgery”nin prezidenti professor Obi Ekwenna da daxil olmaqla iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bu uğurlu təqdimat yaxın zamanda dünyanın ən nüfuzlu elmi jurnallarından biri – “American Journal of Transplantation”ın xüsusi buraxılışında dərc olunacaq.
Tədbir çərçivəsində Rəşad Şolan və konqresin prezidenti professor Emily Blumberg arasında Azərbaycan Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində danışıqlar aparılıb.
Qabil YUSİFOĞLU
XQ