Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 443 yanğına çıxış olub.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.
Əsas məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilir və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilir.
Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, Bulvar küçəsində, yerləşən “MİDA” yaşayış kompleksində “Yanğınların söndürülməsi və insanların təxliyyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib. Təlimin keçirilməsində əsas məqsəd çoxmərtəbəli yaşayış binalarında yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu tipli obyektlərdə yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə aidiyyəti heyətin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı kompleksdə yerləşən binaların birində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri sakinlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər. Heç kimə sirr deyil ki, ehtiyatsızlıqdan mənzillərdə təhlükəsizlik qaydalarına riayət etmədikdə yanğın hadisələri baş verir. Yanğının səbəbləri nəzarətsiz qalmış uşaqların kibrit və elektrik cihazları ilə oynaması, yataqda siqaret çəkmək, odla ehtiyatsız davranma, elektrik cihazı və lampanın pərdəyə, divar kağızına, taxta əşyalara yaxın yerləşdirilməsi, bir elektrik paylayıcısına eyni vaxtda bir neçə cihazın qoşulması, elektrik xəttində qısa qapanmalar ola bilər. Bəs yanğın hadisəsi baş verəndə necə davranmalıyıq?
XQ-yə Təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirdi ki, yay mövsümünün gəlişi, havaların temperaturunun yüksəlməsi həyat fəaliyyətimizin bütün sahələrində yanğın təhlükəsizliyi qaydalarına münasibəti yenidən nəzərdən keçirməyi tələb edir. İsti hava şəraiti özü-özlüyündə bir yanğın amili olmasa da, müxtəlif texniki nasazlıqların, insan səhlənkarlığının və ya təsadüfi halların yanğına çevrilməsi üçün katalizator rolunu oynayır. Bu səbəbdən, istər məişətdə, istər iş yerində, istərsə də nəqliyyatda ayıq-sayıq olmaq və preventiv tədbirlər görmək həm əmlakımızın, həm də ən əsası, canımızın qorunması üçün zəruridir.
Məişət və mətbəx mühitində yanğın risklərini minimuma endirmək üçün ilk növbədə elektrik şəbəkəsinin yüklənməsinə diqqət yetirmək lazımdır. Yay aylarında kondisionerlərin, soyuducuların və digər güclü elektrik cihazlarının eyni vaxtda və fasiləsiz işləməsi elektrik naqillərində həddindən artıq qızmaya gətirib çıxarır. Xüsusilə istismar müddəti bitmiş, keyfiyyətsiz və ya standartlara cavab verməyən uzatma kabellərindən istifadə qısaqapanmanın əsas səbəblərindəndir. Mətbəxdə isə qida hazırlayarkən ocağı nəzarətsiz qoymaq ən böyük səhvlərdəndir. Bir məqamı da vurğulayım ki, mətbəxdə qəflətən alovlanan yağları su ilə söndürmək qətiyyən yolverilməzdir. Belə hallarda ən düzgün yanaşma qabı uyğun qapaqla örtərək oksigen çıxışını kəsmək və yanğın sönənə qədər gözləməkdir.
Ekspertin fikrincə nəqliyyat vasitələrinin istismarı zamanı yanğın təhlükəsizliyi məsələsi xüsusi aktuallıq kəsb edir. Avtomobilin salonunda və ya yük yerində, xüsusilə günəş şüalarının birbaşa təsirinə məruz qalan hissələrdə aerozollar, alışqanlar və ya yanar mayelər saxlamaq çox təhlükəlidir. Bundan əlavə, müasir dövrdə elektrik avtomobillərinin geniş yayılması yanğın təhlükəsizliyi qaydalarına yanaşmanı da dəyişir. Bu tip nəqliyyat vasitələrində, eləcə də ənənəvi avtomobillərdə texniki nasazlıqlar və elektrik dövrəsindəki qısaqapanmalar nəticəsində yanğınların baş verməsi bəzən qaçılmaz olur. Təəssüf ki, bir çox sürücü avtomobilində ilkin yanğınsöndürmə vasitəsini saxlamır və ya bu vasitə yararsız vəziyyətdə olur. Yanğın baş verdiyi ilk saniyələrdə avtomobildə işlək vəziyyətdə olan yanğınsöndürmə balonunun olmaması kiçik bir qığılcımın bütün nəqliyyat vasitəsinin tamamilə yanaraq yararsız hala düşməsinə və ciddi maddi ziyana səbəb olur.
İş yerlərində və ictimai məkanlarda isə yanğın təhlükəsizliyi bir növ mədəniyyət formasıdır. Evakuasiya yollarının, çıxış qapılarının və yanğınsöndürmə avadanlıqlarının qarşısının müxtəlif əşyalarla tutulması, ərazinin lazımsız əşyalarla yüklənməsi fövqəladə hal zamanı insanların təxliyəsini çətinləşdirir. Hər bir işçi öz iş yerində ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını bilməli və yanğın zamanı davranış alqoritminə bələd olmalıdır. İdarəetmə orqanları və rəhbərlik isə yanğın siqnalizasiya sistemlərinin daim işlək vəziyyətdə saxlanılmasına birbaşa məsuliyyət daşıyır.
Təbiət qoynunda istirahət edərkən isə yanğın mədəniyyəti birbaşa ekoloji məsuliyyətimizə çevrilir. Tonqal qalamaq üçün müəyyən edilmiş yerlərdən kənarda ocaq yandırmaq, hətta küləkli havada buna cəhd etmək böyük yanğınların başlanğıcı ola bilər. Bundan başqa, şüşə qırıntılarının və ya plastik şüşələrin təbiətdə atılıb qalması çoxlarının diqqət etmədiyi, lakin ciddi təhlükə yaradan bir məqamdır. Günəş şüalarının şüşə və ya su dolu şəffaf qablar vasitəsilə fokuslanması, quru otların alışmasına və genişmiqyaslı meşə yanğınlarına səbəb olan "linza" effektini yaradır.
Ekspert sonda vurğuladı ki, yanğın hadisələrinin çoxu məhz kiçik səhlənkarlıqların nəticəsidir. Hər bir vətəndaşın öz təhlükəsizliyinə məsuliyyətlə yanaşması, ətraf mühitdəki potensial riskləri vaxtında müəyyən edib aradan qaldırması bir çox faciənin qarşısını ala bilər. Yanğın baş verdiyi ilk anlarda panikaya düşmədən, dərhal 112 nömrəli "qaynar xətt"ə məlumat vermək və hadisənin dəqiq yerini bildirmək xilasedicilərin operativ müdaxiləsinə şərait yaradan ən vacib addımdır. Unutmayaq ki, təhlükəsizlik hamımızın birgə əməkdaşlığı ilə təmin olunur.
Müşfiq MİRZƏ
XQ


