Suqovuşanda beynəlxalq su yarışı

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” reqatasının təntənəli açılışı olub. Mərasimdə Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının baş katibi Fərhad Əliyev reqataya xarici ölkələr tərəfindən marağın getdikcə artdığını qeyd edib. Bunun sevindirici hal olduğunu deyən qurum rəsmisi hər il turnirin yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Avropa Kanoe Assosiasiyasının prezidenti Yan Zunqrana turnirin Azərbaycanda keçirilməsinin önəmini, bu idman növünün ölkəmizdə son illər inkişaf etdiyini, yarışda güclülərin qalib gələcəyinə əminliyini vurğulayıb.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov reqatanın Suqovuşanda artıq 5-ci ildir keçirildiyini, təşkilatçılığın ildən-ilə təkmilləşdiyini deyib. Nazir bildirib ki, bu idman növü üzrə yerli və beynəlxalq yarışlar işğaldan azad edilmiş ərazilərdə növbəti illərdə də keçiriləcək: “İştirakçı sayından da görünür ki, reqataya maraq ildən-ilə artır. Suqovuşanda ilk dəfə keçirilən reqatada bu say 4 idisə, indi 20-dən çoxdur”.

Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub.Açılış mərasimindən sonra jurnalistlərə açıqlama verən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov işğaldan azad olunmuş torpaqlarımızda idman yarışlarının təşkilinin qürurverici hal olduğunu söylədi: “Beynəlxalq reqatanın Azərbaycanda keçirilməsi həm ölkə idmanının inkişafına töhfədir, həm də kanoe və avarçəkmənin kütləviləşməsinə imkanlar yaradır. Belə bir yarışın Suqovuşanda təşkili qürurverici haldır. Bütün bunlar gənclərin idmana olan marağını daha da artırır”.

Milli Məclisin deputatı Elman Nəsirov isə qeyd etdi ki, Suqovuşanda belə bir yarışın təşkili ilə dünyaya sülh mesajı göndəririk: “Beynəlxalq turnir yüksək səviyyədə təşkil olunub. İştirakçı ölkələrin sayının artması bir daha göstərir ki, bu yarışın Azərbaycanda keçirilməsinə maraq ildən-ilə artır. Bu isə idman hadisəsi olmaqla yanaşı, həm də siyasi məna daşıyır. Qəhrəman igidlərimizin canı-qanı hesabına azad olunan Suqovuşanda beynəlxalq turnir keçirməklə onların ruhunu sevindiririk”.

Yarışda kayak üzrə 200 metr məsafədə ilk mükafatçılar müəyyənləşib. Azərbaycan təmsilçilərindən Amil Ramazanov 2007 – 2008 təvəllüdlü idmançıların mübarizəsində bürünc mükafata sahib çıxıb. 2009 – 2010 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə, 13-14 yaşlılardan Mustafa Vəlizadə 3-cü yeri tutublar.

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında müxtəlif ölkələrdən 200-dən artıq idmançı iştirak edir. Yarış mayın 1– 2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə güclərini yoxlayacaqlar. Bağlanış mərasimində əvvəl qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Reqataya atəşfəşanlıqla yekun vurulacaq.

Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Leyla QURBANOVA
XQ



İdman