Bakıda həyəcan dolu avtomobil tədbiri – US Legend Cars yarışları üçüncü dəfə baş tutdu.
“Gecənin əfsanələri” (Legends of The Night) adlı tədbir Dövlət Bayrağı Meydanında keçirilib. Tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunub.
Xüsusi hazırlanmış trasda 12 peşəkar pilot, klassik dizaynla müasir texnologiyanı birləşdirən kompakt avtomobillərlə mübarizə apardı. Gecə yarışı izləyicilərə parlaq və dinamik atmosfer bəxş etdi.
25 dövrəlik gərgin mübarizənin yekununda birinci yerin sahibi Adil Axundov, ikinci yerin sahibi Fərid Quliyev, üçüncü yerin sahibi isə Elvin Xudaverdiyev oldu.
Tədbir çərçivəsində 12–15 yaşlı gənc pilotlar arasında kartinq üzrə çempionatın final mərhələsi də keçirildi.
Bu unikal yarış Baku City Karting trekində 12–16 iyul tarixlərində təşkil edilən test yürüşləri ilə başladı və nəticədə 20 ən yaxşı gənc pilot seçildi.
18 iyulda Dövlət Bayrağı Meydanında qurulan xüsusi trasda sərbəst yürüşlər və təsnifat mərhələsi keçirildi. Bu gənc pilotlara real yarış atmosferini hiss etməyə imkan verdi. Nəticədə 10 finalçı müəyyən olundu.
19 iyulda keçirilən 15 dövrəlik final yarışı isə əsl avtomobil idmanı bayramına çevrildi. Gərgin və maraqlı mübarizədə qalib Teymur Rəhimov, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Rafiq Kazımlı və Ömər Şahmuradlı qazandı. Bütün qaliblər kuboklar və xatirə hədiyyələri ilə təltif olundu.
Axşam proqramı çərçivəsində baş tutan drift-şou, avtomobil və motosikletlərlə ekstremal tryuklardan ibarət Stunt Show, eləcə də motosiklet şousu qonaqlara unudulmaz emosiyalar və adrenalin yaşatdı. Şounun əsas ulduzları isə dünya üzrə 20-dən çox rekordun sahibi olan britaniyalı avtokaskadyor Terri Qrant, Böyük Britaniyanın çoxqat freestyle çempionu, motokaskadyor Li Bauers və İrlandiyadan olan peşəkar drift pilotu Neyl Qan olub.
Tədbir açıq səma altında gerçək bir avtoidman bayramına çevrildi.