UEFA Çempionlar Liqası turnirində Avropa səyahətini ləyaqətlə davam etdirən və artıq səkkizdəbir finalın astanasında olan Ağdamın “Qarabağ” komandası İngiltərənin Nyukasl şəhərinin eyniadlı klubu ilə pley-off görüşləri ərəfəsindədir. Rəqiblər əvvəlcə fevralın 18-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda münasibətləri aydınlaşdırmağa başlayacaq, bundan bir həftə sonra, fevralın 24-dən 25-nə keçən gecə isə ingilislərin meydanında mübarizəni davam etdirəcəklər.
Dünyanın ən nüfuzlu klub yarışında 1/8 finala vəsiqə kimə qismət olacaq, kim “oyundankənar vəziyyətdə” qalıb möhtəşəm futbol bayramını tamaşaçı kimi izləməklə kifayətlənəcək? Yaxşı ki, bütün mülahizələrə, gümanlara baxmayaraq, bu suala yalnız və yalnız cavab görüşündən sonra qəti aydınlıq gətiriləcək. Ancaq yekun nəticədən asılı olmayaraq, futbol ictimaiyyətimiz, bütün xalqımız “Qarabağ”a dərin minnətdarlıq hissini heç vaxt itirməyəcək.
Komandanın ötən ilin qızmar yayından, mülayim payızından bugünkü soyuq fevrala qədər keçdiyi şərəfli yol onun haqqında ürəkdən, gur səslə danışmağa hər cür əsas verir. Əvvəlki mövsümdə qitə klublarının əhəmiyyətinə görə ikinci mötəbər turniri Avropa Liqasının əsas mərhələsində sonuncu, 36-cı yerdən Çempionlar Liqasında 22-ci mövqeyə ucalmaq və pley-offa vəsiqə qazanmaq hər komandaya nəsib olmur. Bunun necə böyük uğur olduğunu dərk etmək üçün futbolun professoru olmaq gərək deyil.
Gecə-gündüz sevinmək, fəxarət hissi yaşamaq, “Nyukasl” ilə oyunları əvvəlkindən də xoş həyəcanla gözləmək imkanımız var. Bu imkanı yaradanlara təşəkkürlər! İndi qarşıdakı sınaqlar ərəfəsində boş oturmayıb, yaddaşımızın, əsasən də statistikanın köməyi ilə keçmişi xatırlayaq.
Mərhum həmkarım Abas Əzimovun gərgin fəaliyyətinin bəhrəsi olan “Azərbaycan milli komandası (1992–2011)” kitabında 2006-cı il dünya çempionatının seçmə yarışları çərçivəsində Azərbaycan və İngiltərə yığma komandaları arasında keçirilmiş oyunlar haqqında dərc etdirdiyi statistik göstəricilərdən məlum olur ki, 2004-cü il oktyabrın 13-də Bakıda oynanılmış görüşdə lüksemburqlu hakim Alan Hammer ingilislərin xeyrinə 1:0 hesabı qeydə almış və yeganə qolun müəllifi 22-ci dəqiqədə Maykl Ouen olmuşdur. Qurban Qurbanov həmin axşam son yarım saatda oynamış, 59-cu dəqiqədə Samir Əliyevi əvəz etmişdir.
Bu rəqiblərin Nyukasl matçı isə 2005-ci ilin baharına təsadüf etmişdir. Martın 30-da keçirilmiş görüşdə FİFA-nın portuqaliyalı hakimi Paolo Manuel Qomeşin final işarəsi meydan sahiblərinin 2:0 hesabı ilə qaĺib gəldiklərini bildirmişdir. Hər iki top fasilədən sonra vurulmuş, 51 və 62-ci dəqiqələrdə dünya futbolunun ulduzları Stiven Cerrard və Devid Bekhem fərqlənmişlər.
Azərbaycan millisinin ovaxtkı baş məşqçisi, braziliyalı Dünya Çempionu Karlos Alberto Torres görüşə Dmitri Kramarenko, Rafael Əmirbəyov, Aftandil Hacıyev, Rəşad Sadıqov, Zaur Həşimov, İlqar Əbdürrəhmanov, Rail Məlikov, Elmar Baxşıyev, Aslan Kərimov, Qurban Qurbanov və Nadir Nəbiyevdən ibarət heyətlə başlamış, oyunun axırına yaxın Əmirbəyovu Vüqar Quliyevlə, Qurbanovu Anatoli Ponomaryovla, Nəbiyevi Daniel Axtyamovla əvəzləmişdir.
Nyukaslda komandamızı meydana kapitan sarğısı ilə Qurbanov çıxarmışdır. İndi internetdəki videolara təkrar-təkrar baxdıqda görürük ki, Azərbaycan idman jurnalistikasında parlaq iz buraxmış Elnur Əşrəfoğlunun (Allah rəhmət eləsin) yüksək peşəkarlıqla şərh etdiyi görüşdə İngiltərə komandasının qapısı ağzında ilk real qol vəziyyətini də kapitan yaratmışdır. Artıq 7-ci dəqiqədə məhz onun güclü zərbəsindən sonra top qapı dirəyinin bir neçə santimetrliyindən keçmişdir. Statistika həmin oyunda İngiltərə millisinin isveçli məşhur mütəxəssis Sven Qoran Eriksonun başçılığı altında çıxış etdiyini də xatırladır.
Onu da yada salmaq olar ki, İngiltərənin 25 xalla qrupda birinci yeri tutduğu turnirdə digər rəqiblərimiz Polşa (24 xal), Avstriya (15), Şimali İrlandiya (9), Uels (8) kollektivləri olmuşlar. Azərbaycan komandası 3 xalla cədvəldə sonuncu, 6-cı yerdə qalmışdır. Futbolçularımız bu xallardan birini Bakıda Uels ilə oyunda (1:1) Rəşad Sadıqovun sərrast zərbəsi ilə qazanmışlar. Yenə paytaxtımızda müvafiq surətdə Avstriya və Şimali İrlandiya ilə görüşlərdə isə azarkeşlər tribunaları qol görmədən tərk etmişlər.
Bax belə, Çempionlar Liqası turnirində “Qarabağ”–“Nyukasl” pley-off görüşü ərəfəsində həmin klubların təmsil etdikləri ölkələrin milli komandalarının 21 il əvvəlki görüşlərini xatırladıq. Bu zaman bir daha əmin olduq ki, Qurban Qurbanov hələ onda liderlik keyfiyyətləri ilə fərqlənmiş, meydana kapitan sarğısı ilə çıxmışdır.
Bu gün isə Qurban müəllim dünyada məşqçilik fəaliyyəti və uğurları diqqətlə izlənilən ən hörmətli mütəxəssislərdən biridir. Baş məşqçimizin yüksək məsuliyyət hissi ilə gördüyü işin nəticələrini layiqincə qiymətləndirən Azərbaycanın idman ictimaiyyətində onun və futbolçularının yeni-yeni uğurlarına, komandanın oyundan-oyuna daha da böyüyəcəyinə yaranmış möhkəm inam hissi təsadüfi deyil.
Bu arada hər yeni gün bizi fevralın 18-nə, “Nyukasl” ilə oyuna yaxınlaşdırır. Rəqib 1892-ci ildə yaradılmış və 134 illik tarixi olan zəngin təcrübəli komandadır. Amma “Çelsi”, “Benfika”, “Ayntraxt”, “Kopenhagen” də dünənin, yaxın keçmişin klubları deyillər. Futbol pərəstişkarları onlara qarşı görüşlərdə olduğu kimi, yenə məzmunlu və məhsuldar oyun sevinci yaşaya bilərlər.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

