İKTA-nın təşkilatçılığı və MEDİA-nın dəstəyi ilə media nümayəndələri üçün praktik təlim keçirilib

post-img

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə media nümayəndələri üçün “A-dan Z-yə internet: media üçün praktik təlim” təşkil olunub.

XQ xəbər verir ki, tədbirin açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov ölkədə rəqəmsallaşmaya və rəqəmsal savadlılığın artırılmasına xüsusi önəm verildiyini bildirib. O qeyd edib ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin bütün ərazilərində sabit genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

Bildirilib ki, 2020-ci ilin sonunda ölkə üzrə median yükləmə sürəti təxminən 10 Mbit/s olduğu halda, 2025-ci ilin sonunda bu göstərici 90 Mbit/s-yə yüksəlib. Bu artım son illərdə internet infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan addımların nəticəsidir.

İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov çıxışında telekommunikasiya sahəsində aparılan islahatların əsas prioritetlərindən birinin xidmət keyfiyyətinin yüksəldilməsi olduğunu vurğulayıb.

O bildirib ki, dayanıqlı infrastrukturun formalaşdırılması, şəffaf bazar mühitinin təmin olunması və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Sədr qeyd edib ki, jurnalistlər üçün təşkil olunan təlimin əsas məqsədi internetlə bağlı mövzularda ictimaiyyətin daha düzgün və obyektiv məlumatlandırılmasına töhfə vermək, texniki anlayışların sadə və dəqiq formada izahını təşviq etməkdir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli isə sahəvi jurnalistikanın inkişafının əhəmiyyətini vurğulayaraq bildirib ki, ixtisaslaşmış və peşəkar yanaşma media məzmununun keyfiyyətini artırır və cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət edir. Onun sözlərinə görə, müasir texnologiyalar sahəsində biliklərin artırılması jurnalistlərin peşəkar inkişafında mühüm rol oynayır.

Təlim çərçivəsində iştirakçılara internetin işləmə prinsipləri, sürət və keyfiyyət anlayışları, “Wi-Fi” texnologiyaları, modem və digər avadanlıqların rolu, ölçmə metodları, eləcə də internet problemlərinin düzgün diaqnostikası ilə bağlı praktik və tətbiqyönümlü məlumatlar təqdim olunub.

İnteraktiv sessiyalar zamanı jurnalistlərin tez-tez qarşılaşdığı suallar real nümunələr əsasında müzakirə edilib, internet sürətinə təsir edən faktorlar sistemli şəkildə izah olunub və media üçün düzgün terminologiya və yanaşmalar açıqlanıb.

Təlim İKTA-nın sahə üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən aparılıb. Həmçinin telekommunikasiya xidmətlərinin tənzimlənməsi, mövcud beynəlxalq trendlər və tənzimləyici mexanizmlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Bu cür maarifləndirici təşəbbüslər ictimaiyyətin internet və rəqəmsal xidmətlər barədə düzgün məlumatlandırılmasına, mediada yanlış anlayışların qarşısının alınmasına və tənzimləyici qurumlara ictimai etimadın artırılmasına xidmət edir.

Qeyd edək ki, bu təşəbbüs İKTA və MEDİA arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən ilk tədbirdir. Gələcəkdə jurnalistlər və müxtəlif hədəf qrupları üçün analoji maarifləndirici təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.













İKT