Silsilə sərgilər sahənin yeniliklərini və imkanlarını nümayiş etdirəcək
Bu il oktyabr ayının 19-də Bakıda Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start veriləcək. Ayın 21-dək davam edəcək tədbir çərçivəsində keçiriləcək sərgilər sırasına daha biri qoşulacaq. Belə ki, builki Xəzər İnşaat Həftəsi 3-cü Azərbaycan Beynəlxalq Qarabağın bərpası, yenidənqurma və inkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan beynəlxalq inşaat “BakuBuild” və 15-ci yubiley beynəlxalq istilik, havalandırma, kondisionerləşdirilmə, su təchizatı, santexnika və üzgüçülük hovuzu “Aquatherm Baku” sərgiləri ilə yanaşı, 11-ci Xəzər beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat “Road&Traffic” sərgisini də bir ad altında birləşdirəcək.
Bakı Ekspo Mərkəzində keçiriləcək builki sərgilərin miqyası daha da genişlənərək ötən illərlə müqayisədə ekspozisiya sayında artım olacaq. Belə ki, ötən il tədbir Bakı Ekspo Mərkəzinin 2 zalını əhatə edirdisə, bu il artıq 3-cü zalın da istifadəyə verilməsi gözlənilir. Xəzər İnşaat Həftəsi zamanı nümayiş olunacaq yeniliklərdən biri isə sərgilərin Bakı Ekspo Mərkəzinin həm də açıq sahəsini əhatə etməsidir.
Yeri gəlmişkən, sərgilər əlamətdar bir ilə təsadüf edir. Məlum olduğu kimi, bu il Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu əlamətdar hadisə Xəzər İnşaat Həftəsinin proqramında da öz əksini tapacaq.
“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Events” şirkətlərinin təşkilatçılığı ilə keçirilən Xəzər İnşaat Həftəsinin iştirakçıları arasında Azərbaycan, Türkiyə, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya və digər ölkələrdən olan şirkətlər yer alacaq. Sərgilərdə Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.
Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” bu il 3-cü dəfə təşkil ediləcək. Sərginin məqsədi təşkilat və müəssisələrin diqqətini Qarabağ və Şərqi Zəngəzurda baş verən müsbət dəyişikliklərə yönəltmək, eləcə də onları işğaldan azad olunmuş ərazilərin bərpasına cəlb etməkdir. Sərginin məqsədlərindən biri də burada iştirak edən beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştiraka dəvət etməkdən ibarətdir. Elə sərginin əsas hədəfi də məhz Qarabağdakı quruculuq işləri üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin azad olunmuş ərazilərin inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirakını təmin etməkdir.
İqtisadiyyatın müxtəlif sahələrini təmsil edən yerli və xarici şirkətlərin sərgiyə olan marağı göstərir ki, “Rebuild Karabakh” ötən illər ərzində Azərbaycanda sərgi sənayesinin əhəmiyyətli hadisələrindən birinə çevrilib. Sərginin ölkəmiz üçün əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına salamlama məktubu göndərməsi də bir daha təsdiq edir.
Qeyd edək ki, “Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcək. Yeri gəlmişkən, ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edib.
“BakuBuild” şirkətlərin tikinti sahəsində ən son nailiyyətlərini nümayiş etdirən və sonuncu texnologiyaları təqdim etmək imkanı yaradan platformadır. Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox başqa texnologiyalarla tanış olurlar. Qeyd edək ki, interyer, idman məhsulları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti istehsalat və avadanlıqları, eləcə də digər bölmələri əhatə edən “BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir platformada birləşdirir. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər.
“Aquatherm Baku” sərgisi 15 ildir ki, istilik, havalandırma, hovuzlar, sauna, spa, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sərgisi mövqeyini qoruyur. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, hamam və cakuzi, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) suyu texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, boru kəmərləri, nasoslar, soyuducular, günəş enerjisi və sair kimi sektorlar təqdim olunur.
“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır.
M. QULİYEV, “Xalq qəzeti”

