Yaxud Viktor-Ruben tandeminin “Qarabağ kartı”
Rusiya – Ermənistan Dostluq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovun İrəvandakı “Zvornots” hava limanından geri göndərilməsi həm Rusiyada, həm də Ermənistanda qalmaqal yaradıb. “RİA Novosti” diplomatik mənbəyə istinadən bildirib ki, məsələ rəsmi Moskvada xoşagəlməz təəccüb doğurub. Həmin mənbənin məlumatına görə, İrəvan imtinanın səbəblərini açıqlamır. Belədə sual da yaranır: Ermənistan Rusiya ilə dostluq etmək istəmir?
Əslində, sual meydana yalnız indi çıxmır. Baş nazir Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən sonra bu mövzu ətrafında müzakirələr getməkdədir. Buna səbəb Nikolun rəhbərlik etdiyi hakimiyyətin tutduğu mövqedir. Hazırkı Ermənistan iqtidarının anti-Rusiya təmayülünü təsdiqləyən, kifayət qədər, dolğun faktlar var. Yazımızda onlardan danışmaq niyyətindən uzağıq. Əsas məsələ budur ki, V.Krivopuskov nə üçün Ermənistana buraxılmır? Yaxud, o, nəyə görə İrəvana məhz indi gəlmək istəyirmiş?
Krivopuskov TASS-a açıqlamasında bunları deyib: “Məni ölkəyə buraxmadılar. Ermənistan üçün arzuolunmaz olduğumu bildirdilər. Pasportumu əlimdən aldılar. Mənə rəsmi kağızı göstərmədilər, amma başa düşdüm ki, sərhədi açmasalar, pasportumu qaytarmayacaqlar... Dedilər, bu gün Moskvaya qayıdın”.
***
Üzərində dayanılmalı ilk məqam V.Krivopuskovun dostluq adı ilə digər hərəkətlərə baş vurmasına dair şübhədir. Məlumdur ki, Ermənistanda seçki yaxınlaşır. Sentyabrda İrəvan merinin kimliyinə aydınlıq gəlməlidir. Ölkənin idarəçilik sistemi elə qurulub ki, paytaxta rəhbərlik, faktiki olaraq, hazırkı hakimiyyətin qərarlarına qarşı çıxılmasını leqallaşdırır. Buna görə anti-Paşinyançı qüvvələr seçkiyə ciddi hazırlaşırlar. Elə baş nazirin tərəfdarları da. İkincilər təhlükəyə qarşı səfərbər durumdadırlar. Təhlükə isə ümumən iqtidarı itirmək perspektivini doğura bilər.
Bu yerdə Rusiyanın bəzi dairələrinin Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı olduğunu bildirmək zərurəti yaranır. Belədə V.Krivopuskov ruspərəst ermənilər üçün, bir növ, “boz kardinal” təsəvvürünə gəlir. Mümkündür ki, onun İrəvana ayaq basması və dostluq adı ilə keçirəcəyi görüşlər Paşinyan iqtidarında təşviş doğurur. Baş nazirin tərəfdarlarının Krivopuskovun ölkəyə seçki fəallığı ilə bağlı tezislər gətirdiyini düşünmələri də ehtimal olunur.
***
“Boz kardinal”ın Ermənistan-Rusiya Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təqdimatında iştirak məqsədilə İrəvana gəldiyi bildirilir. Belə görünür ki, Rusiya tərəfi bu hadisəyə ciddi önəm verir. Əks halda “RİA Novosti”nin diplomatik mənbəyi V.Krivopuskova qarşı xoşagəlməz davranışa münasibət bildirərkən qəzəb püskürməzdi: “Erməni tərəfdaşlardan hakimiyyət orqanlarının qərarının səbəblərini və Rusiya vətəndaşı statusunu respublika sərhəd xidməti nöqteyi-nəzərindən izah etmələri xahiş olunub. Təəssüf ki, Rusiyanın siyasətçilərinə, ictimai xadimlərinə, media orqanlarının nümayəndələrinə qoyulan məhdudiyyətlər ikitərəfli münasibətlərin inkişafına heç bir faydası olmayan çirkin təcrübəyə çevrilir”.
Qeyd edək ki, Rusiyanın “News Media” Holdinqinin təsisçisi Aram Qabrielyanov Ermənistanın arzuolunmaz şəxsləri siyahısındadır. Həmin siyahıda “Rossiya seqodnya” media qrupunun və Rusiyanın dövlət televiziyasının baş redaktoru Marqarita Simonyanın, həmçinin Rusiya Dövlət Dumasının deputatı, qatı ermənipərəst mövqeyi ilə seçilən Konstantin Zatulinin də adları var.
Bu arada Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın rus siyasi istableşmentinə qoyduğu qadağalara mənfi münasibəti də açıqlanıb. Onun sözlərinə görə, Ermənistan Rusiyanın böyük dostu, müttəfiqi, strateji tərəfdaşıdır və ölkələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsi və xarakteri ikitərəfli münasibətləri xoşagəlməz hallardan qorumağa məcbur edir. Əlbəttə, Ermənistan rəsmiləri Peskovun bu fikrini bir qulaqdan alıb o birindən ötürmək ixtiyarındadırlar və bunu edirlər. Bəs, Krivopuskova “boz kardinal” demək üçün əsas varmı? Əlbəttə var. Hələ ortada “Qarabağ kartı” da var.
***
Yada salaq ki, sabiq SSRİ-nin Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabiti olmuş Viktor Krivopuskovun erməni sevgisi hələ ötən əsrin 80-ci illərinin axırlarında başlayıb. O, 1990-1991-ci illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində SSRİ DİN-in İstintaq Əməliyyat Dairəsinin qərargah rəisi vəzifəsində işləyib və elə həmin vaxt ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərini araşdırmaq əvəzinə, “miatsumçular”ın xəbərdaşıyanı olub.
Təsəvvür edin, bu adam Qarabağ klanının təmsilçilərinə SSRİ Daxili İşlər Nazirliyinin hərbi komendantının və Daxili Qoşunlarının hərbi qulluqçularının Azərbaycan ərazisindəki erməni separatizminin kökünün kəsilməsinə yönəlmiş əməliyyat tədbirləri barədə məlumat ötürüb. Maraqlıdır ki, Krivopuskov bütün bunları gizlətməyib, özünün “Üsyankar Qarabağ” kitabında yazıb. Onun kitabı, əslində, Qarabağdakı erməni vandallıqlarının xronologiyasına aydınlıq gətirmək üçün yaxşı mənbədir. Əlbəttə, nəşr Krivopuskovun o zaman Qarabağ separatçılarının liderləri, sonradan Ermənistanın dövlət başçıları olmuş Serj Sarkisyan və Robert Koçaryanla saunada əylənmələrinin təsviri səhnələri ilə də “zəngindir”. Bu “zənginlikdə” qondarma “dqr”in 15 illiyi medalı xüsusi yer tutur.
2009-2013-cü illərdə “Rossotrudniçestva”nın Ermənistandakı nümayəndəliyinə rəhbərlik etmiş, eyni zamanda, Rusiyanın İrəvandakı səfirliyində müşavir işləmiş V.Krivopuskovun Ermənistan dövlətinin də medalları ilə təltif olunduğu məlumdur. Yəni, o, ölkəyə, habelə erməni separatizminə, kifayət qədər bələddir. Çox güman, Ermənistandakı ruspərəstləri də yaxşı tanıyır və onların, belə demək mümkünsə, damarlarını tutmaq baxımından mütəxəssisdir. Əks halda Paşinyanın sərhədçiləri onu hava limanından niyə geri qaytarsınlar?
***
Daha bir məqama diqqət yetirək. Məlum olduğu kimi, Qarabağdakı separatçı rejimin sabiq “dövlət naziri” Ruben Vardanyan sonuncu “Telegram” paylaşımında Ermənistandakı seçkiyə yönəlik fikirlərlə yadda qalıb. O, “əsl vətənpərvərləri” aktivliyə çağırıb. Bu çağırış ölkə hakimiyyətini seçki yolu ilə devirmək motivlərinə əsaslanması ilə diqqət çəkib. Mövcud xüsusda Qarabağ amilini qabardan Vardanyan Ermənistan iqtidarını Qarabağı Azərbaycana güzəştə getməkdə ittiham edib, sərt və təhqiramiz fikirlər bölüşüb. Bu, onu deməyə əsas verir ki, İrəvan meriyasına seçkilər müstəvisində “Qarabağ kartı” ortaya atılmaqdadır. O kart ki, Ermənistanın müasir dövlətçiliyi onun üzərində qurulub. Elə Vardanyanın sözlərindən də belə çıxıb ki, Qarabağ yoxdursa, erməni dövlətçiliyi də yoxdur.
Bir daha bildirək ki, V.Krivopuskov Rusiya-Ermənistan Dostluq Cəmiyyətinin rəhbəridir. Vardanyan isə Rusiyanın bəzi dairələrinin Cənubi Qafqazda Qarabağ avantürasının saxlanılması üçün bölgəyə yerləşdirdikləri dələduzdur. O, V.Krivopuskovun özü qədər qaranlıq keçmişə malikdir. Mövcud durumda bütün daşlar yerinə oturur. Deməli, vaxtilə Qarabağ klanı naminə mənfur xidmətlər göstərmiş “boz kardinal”ın İrəvan hava limanındakı sərhəd punktundan keçə bilməməsinin daha bir səbəbi ortadadır: O, Vardanyana və onun Ermənistan paytaxtındakı tərəfdarlarına dəstək üçün gəlirmiş. Krivopuskovun kitabının adı “Üsyankar Qarabağ”dırsa, çox güman, avantürislərə həmin kitabdan “mühazirələr” oxuyacaqmış.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

