10 ayda ölkəmizin ixracı 29 milyard dolları ötüb
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gömrük Biznes Forumu 2023” tədbirində çıxış edərək bildirib ki, gömrük sistemində rəqəmsallaşma genişləndirilməklə xarici ticarət bazarında canlama yaranıb.
Hazırda isə gömrük orqanları ilə sahibkarlar arasında səmərəli dialoq qurulur. Bu sahədə daha praktiki tədbirlərin həyata keçirilməsi də diqqət mərkəzində saxlanılır. Vətəndaş və sahibkar məmnunluğunun zəruriliyinə xüsusi əhəmiyyət verilir. Bundan başqa gömrük sisteminin şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi, xərclərin optimallaşdırılması, habelə xarici ticarətin asanlaşdırılması xarici ticarət iştirakçılarının və büdcə daxilolmalarının artmasına səbəb olur.
Prezident köməkçisinin sözlərinə görə, 2015-2022-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə yüksəlib. Eyni zamanda, qeyri-neft ixracında çeşidlərin sayında artım müşahidə olunub. 5700 çeşidli maldan 1990-nı ixrac edilib, 1234-ü isə ixraca göndərilib. Son 3 ildə Azərbaycanın ixrac səbətinə 35 adda yeni məhsul daxil edilib.
Onu da qeyd edək ki, respublikamızın bu gün qeyri-neft ixracının artırılması məqsədilə 10 ölkə ilə azad ticarət sazişi və Türkiyə Respublikası ilə Preferensial Ticarət Sazişi qüvvədədir. Qardaş ölkə ilə imzalanan preferensial sazişə əsasən, bir sıra kənd təsərrüfatı məhsullarına və digər Azərbaycan və Türkiyə mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir.
Hazırda neft və qazın dünya bazar qiymətlərinin azalmasına baxmayaraq, ölkəmizin xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunur. Bu, cari ilin 10 ayında Azərbaycanın ixracının 29 milyard dolları ötməsi, ticarət balansının profisitinin 15 milyard dollardan çox olması ilə təsdiqlənir.
Xatırladaq ki, son məlumata əsasən, qeyri-neft-qaz sektorunun ixracı 11 faizdən çox artaraq 2,7 milyard dolları keçib. Emal olunan kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68 faizə çatıb. Cari ilin 9 ayında sənaye zonalarının qeyri-neft-qaz ixracında payı isə 23 faiz təşkil edib.
Bəs Azərbaycan məhsullarının xarici bazarlarda yeni alıcılar qazanması nə ilə bağlıdır? Sualın cavabı ilə əlaqədar, ilk növbədə, onu qeyd edək ki, son illərdə özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər gerçəkləşdirilib. Yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.
Respublikamız “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramına (“GSP+”) qoşulandan sonra isə ixrac potensialı nəzərəçarpacaq dərəcədə güclənib, ixrac mallarının çeşidi artıb. Bu amil ölkəmizə Avropa İttifaqı (Aİ) bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradıb. Belə bir tədbirin gerçəkləşdirilməsi isə ixrac potensialının genişləndirilməsinə və ixrac strukturunun diversifikasiyasına önəmli təsir göstərib.
Bütün bu layihələrin uğurla gerçəkləşdirilməsi nəticəsində ixras prosesində davamlı olaraq yüksək göstəricilər qeydə alınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bu barədə ətraflı bəhs olunub. Bununla bağlı müvafiq göstəricini diqqətə çatdırmazdan əvvəl xatırladaq ki, son illər ərzində Vergi Məcəlləsinə edilən düzəlişlər, sənaye məhəllələrinin, texnoparkların, azad iqtisadi zonaların salınması da investisiyaların cəlbini və biznes mühitinin kifayət qədər yaxşılaşdırılmasını şərtləndirib.
Azərbaycanın ixrac potensialının gücləndirilməsindən danışarkən, bir məqamı da xatırladaq. Qeyd edək ki, biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm qolu iqtisadiyyatın gömrük-vergi tənzimlənməsi sisteminin təkmilləşdirilməsidir. Bu baxımdan ölkəmizdə investisiya mühitinin cəlbediciliyinin artırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi ümumi prosesə təkan verir. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən “Gömrük Biznes Forumu 2023” tədbirində bununla bağlı bildirib ki, hazırda yerli istehsalatda istifadə olunan 300-ə yaxın aralıq malın idxal rüsumundan azad edilməsi yerli istehsalın maya dəyərinin azaldılmasına, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərir.
Hazırda da bu proses davam edir. Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalda xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirləri, o cümlədən güzəşt müddətlərinin uzadılması istiqamətində qanunvericilik layihələri hazırlanaraq aidiyyəti dövlət orqanları ilə müzakirə olunur.
Bu gün iqtisadiyyatımız qarşısında duran əsas məqsədlərdən biri Azərbaycanın ixrac potensialının artırılmasıdır. Bu məqsədlə 2023-cü ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox -- 500 milyon dollardan çox məhsul daxildə emal gömrük proseduru altında yerləşdirilib. Beləliklə, bu göstərici sözügedən mexanizmin emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyib.
Gömrük prosedurlarının sadələşdirilməsi kimi amillər ölkəmizin xarici ticarət dövriyyəsinin həcminin sürətlə artmasına səbəb olub. Neft və qazın dünya bazarı qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır. Belə ki, cari ilin 10 ayında ixrac 29 milyard dolları ötüb, ticarət balansının profisiti 15 milyard dollardan çox olub. Qeyri-neft-qaz sektorunun ixracı isə 11 faiz dən çox artaraq 2,7 milyard dolları ötüb. Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68 faizə çatmaqdadır. Cari ilin 9 ayında sənaye zonalarının qeyri-neft-qaz ixracında payı isə 23 faizə çatıb.
Yuxarıda qeyd edilənlər və bununla bağlı müsbət göstəricilər hazırda ölkə iqtisadiyyatı üçün yeni istiqamətlərin formalaşmasını deməyə əsas verir. Bu, istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri–neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri–neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun gerçəkləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr isə müsbətdir.
Vaqif BAYRAMOV
XQ

