5 ildə üzv ölkələrdə layihələrə 2 milyard dollar vəsait ayrılacaq
İslam İnkişaf Bankı və Asiya İnkişaf Bankı 2030-cu ilədək ümumi dəyəri 2 milyard ABŞ dolları olan layihələrin birgə maliyyələşdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar. Sənədə əsasən, tərəflərin hər biri bu çərçivədə 1 milyard ABŞ dolları ayırmağı öhdəsinə götürüb. Bu barədə İsalm İnkişaf Bankı məlumat yayıb.
Bildirilib ki, bu təşəbbüs hər iki maliyyə qurumunun ortaq üzv ölkələrində layihələrin effektivliyini, təsirini və dayanıqlılığını artırmağa yönəlib. Eyni zamanda, irgə maliyyələşdirmə modeli resursların, biliklərin və yanaşmaların birləşdirilməsini nəzərdə tutur.
Xatırladaq ki, razılaşma İtaliyanın Milan şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 58-ci illik toplantısı çərçivəsində imzalanıb. Sənədə İslam İnkişaf Bankının tərəfdaşlıq, qlobal təmsilçilik və resursların səfərbərliyi üzrə direktoru İbrahim Əli Şukri və Asiya İnkişaf Bankının strategiya, siyasət və tərəfdaşlıq üzrə baş direktoru Sinninq Tszya imza atıblar.
Memorandumu Asiya İnkişaf Bankı ilə əməkdaşlıqda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirən İbrahim Əli Şukri bildirib: “Resurslarımızı və ekspertizamızı birləşdirərək üzv ölkələr üçün faydalı və dayanıqlı iqtisadi artıma töhfə verəcək layihələr həyata keçirəcəyik. Bu əməkdaşlıq qlobal çağırışlara qarşı davamlılığı təşviq edir”.
Sinninq Tszya isə qeyd edib ki, sənədi iki maliyyə qurumu arasında əməkdaşlığın genişlənməsində əlamətdar addım hesab edib. O deyib: “Güclərimizi birləşdirərək innovativ maliyyə həllərini tətbiq etməyə və bütün Asiya üzrə iqtisadi artımı stimullaşdırmağa çalışırıq. Məqsədimiz milyonlarla insanın həyatında uzunmüddətli və müsbət dəyişikliklərə nail olmaqdır”.
Sazişin əsas prioritetləri sırasında dayanıqlı infrastrukturun inkişafı, rəqəmsal bərabərsizliyin azaldılması, gənclər və qadınlar üçün imkanların artırılması, regional inteqrasiya və transsərhəd ticarətin gücləndirilməsi, eləcə də qlobal tərəfdaşlıqların möhkəmləndirilməsi və əlavə maliyyə resurslarının cəlbi yer alır.
İslam İnkişaf Bankı və Asiya İnkişaf Bankının ortaq üzv ölkələrinə Azərbaycanla yanaşı, Əfqanıstan, Banqladeş, Bruney Darüssalam, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Malayziya, Maldiv adaları, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan daxildir.