BP-nin ali təhsilə növbəti töhfəsi

post-img

Şirkət AMİU-ya daha 3 laboratoriya hədiyyə edib

Bu təşəbbüs şirkətin yerli universitetlərin tədris və tədqiqat imkanlarının müasirləşdirilməsinə dəstək öhdəliyinin bir hissəsi olmaqla təhsilin keyfiyyətinin artırılmasına və mühəndislik və tikinti sahələrində innovasiyaların təşviqinə yönəlib. Şirkətin təhsil müəssisəsinə hədiyyəsi olan ventilyasiya, su təchizatı və istilik texnikası laboratoriyası mühəndis sistemləri və qurğularının tikintisi kafedrasına, nasos və nasos qurğuları laboratoriyası meliorasiya və su təsərrüfatı tikintisi kafedrasına, daxili yanma mühərrikləri və hidravlik intiqal laboratoriyası isə texnoloji maşın və avadanlıqlar kafedrasına təqdim edilib.

Laboratoriyaların açılış tədbirində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ixtisaslaşdırılmış tədris obyektlərinin, infrastrukturun və avadanlıqların mövcudluğu tədris prosesinin müasirləşdirilməsində əsas rol oynadığını diqqətə çatdırıb: “Bu, ölkə üçün yeni nəsil memar və inşaat mühəndislərinin yetişdirilməsinə zəmin yaratmaqla, qabaqcıl beynəlxalq təcrübələrdən, rəqəmsal vasitələrdən və müasir texnologiyalardan istifadə edərək yeni tədris və təlim metodlarının tətbiqinə imkan verir. Çox məmnunuq ki, Memarlıq və İnşaat Universitetinin texniki imkanlarının artırılmasını dəstəkləmək, ümumilikdə isə Azərbaycanda yüksək keyfiyyətli təhsilin və elmi tədqiqatların inkişafına töhfə vermək imkanımız var.”

Qeyd edək ki, Layihənin ümumi dəyəri 170 min 245 manat (təxminən 100 min 144 ABŞ dolları) təşkil edir. Bu məbləğə bütün laboratoriya avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması, eləcə də yeni qurğu və texnologiyalardan səmərəli istifadəni və onlara lazımi texniki xidmətin göstərilməsini təmin etmək üçün universitet heyətinə hərtərəfli təlimin keçilməsi daxildir.

 

İqtisadiyyat