“Rayonların tarixi” silsiləsi AMEA Naxçıvan Bölməsinin uğurudur

post-img

AMEA Naxçıvan Bölməsində “Babək rayonunun tarixi” və “Şahbuz rayonunun tarixi” kitablarının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq rayonların tarixinin sistemli şəkildə tədqiq olunmasının milli tarix elmi üçün əhəmiyyətindən bəhs edib. Akademik qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsünə daxil olan rayonların ən qədim dövrlərdən günümüzədək tarixi, sosial-iqtisadi və mədəni inkişafı hərtərəfli araşdırılmış, monoqrafik təqdimatda nəşr olunmuşdur. Şərur, Culfa, Kəngərli, Ordubad, Sədərək, Babək və Şahbuz rayonlarından bəhs edən 7 monoqrafiya ümumilikdə 12 müəllifin elmi axtarışlarının və səmərəli tədqiqatlarının nəticəsidir. Bu, bütövlükdə AMEA-nın Naxçıvan Bölməsinin uğurudur.

Əsərlərin bəzi fərqli cəhətlər istisna olmaqla, əsasən oxşar mövzu istiqamətləri üzrə hazırlandığını vurğulayan akademik çıxışının davamında onların strukturu barədə qısa məlumat verib. Kitabların ərsəyə gəlməsində əməyi olan alimlərə, onların nəşrinə maliyyə dəstəyi göstərmiş şəxslərə minnətdarlıq edib, “Rayonların tarixi” silsiləsinin tamamlanması münasibətilə bütün müəllifləri təbrik edib.

Təqdimatda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva “Babək rayonunun tarixi haqqında sanballı mənbə” mövzusunda məruzə edib.

Alim bildirib ki, “Babək rayonunun tarixi” adlı monoqrafiya AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin müəllifliyi ilə nəşr olunub. Əsərdə Babək rayonunun yaradılması, inkişafı, coğrafi mövqeyi, sosial-iqtisadi durumu, mədəni həyat səviyyəsi, tarix-mədəniyyət və arxeoloji abidələri haqqında ətraflı və sistemli məlumatlar təqdim olunub. Kitabda istifadə olunan arxiv sənədləri, statistik göstəricilər və aparılmış elmi tədqiqatlar əsasında rayonun çoxşaxəli tarixi akademik yanaşma ilə ümumiləşdirilib.

Zeynəb Quliyeva kitabı əhatə etdiyi məsələlər üzrə şərh edib, maraqlı cəhətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilov “Şahbuz rayonunun tarixi” əsəri haqqında söz” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, sözügedən kitab tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın həmmüəllifliyi ilə ərsəyə gəlib.

Alim qeyd edib ki, kitabda Şahbuz rayonunun qədim dövrlərdən günümüzədək keçdiyi tarixi inkişaf yolu, inzibati-coğrafi mövqeyi, əhalisi, sosial-iqtisadi göstəriciləri və mədəni həyatı geniş şəkildə tədqiq olunub. Xüsusilə skif, sak və başqa qədim türk tayfalarının bölgədə məskən salması, rayon ərazisindəki toponimlərin izahı, habelə bölgəyə köçürülmüş qeyri-türk etnoslar barədə məlumatlar dinləyicilərin marağına səbəb olub.

Tədbirin sonunda müəlliflər adından çıxış edən Asəf Orucov və İlhami Əliyev əsərlərin hazırlanma prosesində apardıqları elmi-statistik təhlillərdən danışıblar, kitabların nəşrində və təqdimatın keçirilməsində əməyi olanlara minnətdarlıq ediblər.

 



Son xəbərlər