Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Mayın 17-də və 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 4 qumbara, 8 tüfəng, 1 patron darağı və 54 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bundan əlavə, keçirilən növbəti tədbirlər nəticəsində Suraxanı rayonu ərazisində 1 tüfəng, 1 qumbara və 17 patron tapılaraq götürülüb. Nəsimi rayonunda yaşayan bir nəfər isə 1 avtomat silahı və 7 patronu polisə könüllü təhvil verib.
Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında Nizami rayonu ərazisində keçirdikləri tədbir nəticəsində əvvəllər məhkum olunmuş 32 yaşlı Ə.Allahverdiyev saxlanılıb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı 1 tüfəng aşkarlanıb.
Araşdırmalar aparılır.
P.ƏMİRCANOV
XQ