TAP ilə 3,8 milyard kubmetr qaz nəql olunub

post-img

Cari ilin əvvəlindən may ayının 10-dək Trans-Adriatik Boru Kəməri (TAP) ilə 3,82 milyard kubmetr qaz nəql olunub. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb.

Bildirilib ki, təbii qazın 3,15 milyard kubmetri İtaliyaya, 0,35 milyard kubmetri Yunanıstana, 0,29 milyard kubmetri isə Bolqarıstana ixrac olunub. Ümumilikdə isə, kommersiya istismarının başlanğıcından bu il may ayının 10-dək isə TAP ilə 46,5 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə isə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.

 

İqtisadiyyat