BP-nin Azərbaycanda hüquq təhsilinə töhfəsi

post-img

BP şirkəti ölkəmizdə hüquq təhsili sahəsində keyfiyyətin artırılmasına yönəlmiş yeni bir layihəsini təqdim edib. Yerli universitetlərdə hüquqşünaslıq üzrə tədrisin təkmilləşdirilməsi məqsədilə 6 mühüm dərsliyin hazırlanması və nəşrindən ibarət olan bu layihənin məqsədi təhsildə mükəmməlliyin təmin olunmasına dəstək göstərmək, hüquqi savadlılığı təşviq etmək və ölkədə yeni nəsil hüquq mütəxəssislərinin yetişməsinə töhfə verməkdir.

BP-nin Azərbaycanda təhsilin inkişafına və bacarıqların artırılmasına dəstəyinin bir hissəsi olan layihə çərçivəsində “Beynəlxalq tibb hüququ. Xüsusi hissə”, “Azərbaycan Respublikasının Mediasiya hüququ. Ümumi müddəalar”, “Mediasiya hüququ. Xüsusi hissə”, “Beynəlxalq publik hüquq kursu. Xüsusi hissə” (ikinci cild, ikinci nəşr, yenilənmiş) adlı 5 kitab artıq çapdan çıxıb. Bu silsilədən sonuncu nəşr olan “İnsan hüquqları. Ensiklopediya” isə sentyabrda tamamlanacaq.

Yeni kitabların təqdimat mərasimində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin hüquq təhsili sahəsində resursların yaradılmasına sərmayə qoymaqda məqsədinin yerli hüquq mütəxəssislərinin yüksək keyfiyyətli tədris materialları ilə təmin etməkdən ibarət olduğunu vurğulayıb. Onun sözlərinə görə, yeni kitablar ölkədə hüquq təhsilinin müasirləşməsinə və yüksək səviyyəli, hüquqları dərindən bilən yeni hüquqşünaslar nəslinin formalaşmasına töhfə verəcək. Tədris vəsaitlərinin hər birinin hüquq üzrə alimlər və mütəxəssislərlə sıx əməkdaşlıqda hazırlandığını diqqətə çatdıran BP rəsmisi bu kitabların universitet tələbələrinin, nəzəriyyə müəllimlərinin, eləcə də hazırda praktiki fəaliyyətdə olan hüquqşünasların müasir hüquq resurslarına artan tələbatının qarşılanmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, müəllimlər, tələbələr, elmi ictimaiyyətin nümayəndələri, hüquqşünaslar, insan hüquqları müdafiəçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, magistr və doktorantlar, hüquq alimləri və təcrübəçiləri, eləcə də mediatorlar və siyasətçilər daxil olmaqla geniş auditoriya üçün nəzərdə tutulan bu kitabların nəşrinə 230 min 38 manat (135 min 316 ABŞ dolları) xərclənib. Bu layihə “Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf” İctimai Birliyi tərəfindən icra olunur.

Şirkət bununla yanaşı, “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrindəki tərəfdaşları adından ölkədə qabaqcıl rəqəmsal transformasiya səylərini dəstəkləyən sosial investisiya layihəsinin uğurla tamamlandığını da elan edib. Layihədə məqsəd Azərbaycan Mediasiya Şurasının xidmətlərini təkmilləşdirlmək üçün yeni rəqəmsal platformanın yaradılması idi. Bu təşəbbüs ölkə üzrə mediasiya xidmətlərindən istifadə imkanlarının və bu xidmətlərin səmərəliliyinin artırılması səylərinə əhəmiyyətli töhfədir.

Yeni istifadəyə verilmiş platformada mediasiya xidmətlərinin ümumi idarəçiliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıran geniş çeşidli rəqəmsal funksiyalar təqdim edilib. Yeni platforma bir sıra üstünlükləri ilə diqqət çəkir. Belə ki, vətəndaşlar və hüquqi şəxslər ictimai istifadə imkanlarının təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan bu platforma vasitəsilə mediasiya xidmətlərindən daha sürətli və rahat istifadə edə bilərlər. Bununla yanaşı, Mediasiya Şurası daha çox müraciətə baxa və dövlət müəssisələrindən tələb olunan sənədləri real vaxt rejimində əldə edə bilər ki, bu da işin səmərəliliyini xeyli artıracaq.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli yeni platformanın təqdimat mərasimində deyib: “Azərbaycan üçün nisbətən yeni olan bu sahənin inkişafına töhfə verən bu layihəni dəstəkləməkdən məmnunuq. Mediasiya Şurasının müraciətləri indiyədək əl ilə idarə etməsi tez-tez gecikmələrə və istifadəçilər arasında narazılığa səbəb olurdu. Artan tələbatı və müasirləşmə ehtiyacını nəzərə alaraq, tərəfdaşlarımızla birlikdə, biz mediasiya prosesinin bütün mərhələlərini sadələşdirən və rəqəmsallaşdıran əhatəli onlayn platformanın yaradılmasına dəstək verdik. İnanırıq ki, ictimai xidmətlərə əsl səmərəlilik və innovasiya gətirən bu layihə Azərbaycanın ədliyyə sisteminin rəqəmsal transformasiyasına mühüm töhfədir.”

Qeyd edək ki, Azərbaycan Mediasiya Şurası tərəfindən həyata keçirilən layihənin ümumi dəyəri 126 min 880 manat (74 min 635 ABŞ dolları) təşkil edir. Həmin məbləğə avadanlıqların alınması və quraşdırılması, IT infrastrukturunun, proqram təminatının hazırlanması, portalın yaradılması və yeni platformanın səmərəli istifadəsinin təmin olunması üçün işçi heyətinə təlim keçilməsi daxildir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat