Əqli mülkiyyət və biznes

post-img

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “İqtisadi artım və rəqabətqabiliyyətlilik üçün əqli mülkiyyət aktivlərindən istifadə etmək məqsədilə Azərbaycanın aqrar-ərzaq sektorunda mikro və kiçik biznesin dəstəklənməsi” layihəsi başa çatıb. 
Bununla bağlı keçirilən mərasimdə Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin üzvü Sənan Tapdıqov Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatların iqtisadi fəallığın və sərbəst rəqabətin gücləndirilməsinə yönəldiyini vurğulayıb. O, layihənin vacibliyinə toxunaraq qeyd edib ki, bu işin reallaşdırılması ideyası 2023-cü ilin iyun ayında ÜƏMT-nin baş direktorunun müavini Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı aparılan müzakirələr nəticəsində formalaşıb. Onun sözlərinə görə, mikro və kiçik biznes subyektləri belə layihə imkanlarından yararlanaraq bazarda rəqabət qabiliyyətliliyini artırır və dayanıqlı mövqe qazanırlar.
KOBİA-nın İdarə Heyətinin sədr müavini Emil Hüseynli ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin və geniş imkanların yaradıldığını vurğulayıb. Əqli mülkiyyət hüquqlarının qorunmasının biznesin inkişafında mühüm rol oynadığını vurğulayan sədr müavini bu hüquqların sahibkarlara öz innovativ məhsul və xidmətlərinin bazarda rəqabət qabiliyyətini artırmağa imkan verdiyini diqqətə çatdırıb.
ÜƏMT-nin əqli mülkiyyətin inkişafı bölməsinin rəhbəri, əqli mülkiyyətin inkişafı üzrə layihə meneceri Lorena Bolanos Pacheco layihənin həyata keçirilməsində dəstəyə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təşəkkürünü bildirib. O, əqli mülkiyyətin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və iqtisadi inkişafın təşviqindəki rolunu vurğulayıb.
Bağlanış sessiyasında çıxış edən ÜƏMT-nın Mərkəzi Avropa, Baltikyanı və Aralıq dənizi ölkələri üzrə bölməsinin əməkdaşı Mihaela Cerbari Simmons həyata keçirilən layihənin məqsədi haqqında məlumat verib.
Türkiyəli beynəlxalq ekspert Arife Yılmaz Topal isə çıxışında əqli mülkiyyətin aqroərzaq biznesində aktuallığı, aqroərzaq sənayesi üçün coğrafi göstəricilər və onların əhəmiyyəti, eləcə də sözügedən sahədə əqli mülkiyyətin kommersiyalaşdırılması strategiyalarından danışıb.
Sonra Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin əməkdaşı Gülcahan Əlimərdanovanın “Azərbaycanın aqrar-ərzaq sektorunda mikro və kiçik sahibkarlıq subyektlərinə iqtisadi artım və rəqabət qabiliyyətlilik üzrə dəstək” mövzusunda təqdimatı olub. Görüşdə, həmçinin benefisiarlara əmtəə nişanları və bir coğrafi göstəricinin qeydiyyatı haqqında şəhadətnamələr, eləcə də bir sənaye nümunəsi üzrə patent təqdim edilib. 
Sonda əqli mülkiyyətin innovativ sahibkarlığın təşviqindəki rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

XQ

İqtisadiyyat