AZSTAND beynəlxalq standartlaşdırma layihəsində

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Beynəlxalq Standartlaşdırma Təşkilatının təşkil etdiyi “Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması” layihəsinə qoşulub.

AZSTAND-dan bildirilib ki, layihədə ölkəmizlə yanaşı, ABŞ, Baham Adaları, Braziliya, Böyük Britaniya, Cənubi Afrika, Cənubi Koreya, Kanada, Hindistan, İndoneziya, Misir, Malayziya, Niderland Krallığı, Səudiyyə Ərəbistanı və Uqanda iştirak etmək hüququ qazanıb.

Layihənin əsas məqsədi maraqlı tərəflərin süni intellektin idarə olunması sahəsində beynəlxalq və milli standartlara uyğun ən yaxşı tənzimləmə nümunələri barədə məlumatlandırılması, həmçinin süni intellekt siyasəti, eləcə də standartları üzrə təcrübə mübadiləsinin artırılmasıdır.

Yeri gəlmişkən, AZSTAND cari ilin I yarısında 100 yeni dövlət standartı qəbul edib. Bu normativ sənədlər müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodları təhlükəsizliyinin, eləcə də məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Xatırladaq ki, yanvar – iyun aylarında qida texnologiyası və kənd təsərrüfatı üzrə 29, tikinti materialları üzrə 9, informasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 17, neft-qaz və əlaqəli texnologiyalar üzrə 9, ətraf mühit üzrə 9, nəqliyyat sahəsi üzrə 6, idarəetmə və keyfiyyət üzrə 2, rezin və plastik sənaye üzrə 2, zərgərlik sahəsi üzrə 1, tekstil və dəri texnologiyası üzrə 16 dövlət standartı qəbul edilib. Bundan başqa, 6 ay ərzində 50 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 44 dövlət standartı ləğv olunub. Sahibkarların sifarişi əsasında 68 texniki şərt hazırlanıb və ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

 

İqtisadiyyat