Daşkənddə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövşən Nəcəf, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov arasında görüş keçirilib.
Görüşdə ARDNŞ ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Bu xüsusda, “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə pay bölgüsü sazişinin imzalanmasının əhəmiyyəti qeyd edilib. Şirkətlər arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Daha sonra iki ölkənin neft qurumları ilə Özbəkistan Respublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə pay bölgüsü sazişi imzalanıb.
Sazişin icra müddətinin ilkin mərhələsində perspektivli sahələrin təyin olunması məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu müddət ərzində ARDNŞ operator olaraq fəaliyyət göstərəcək. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və azı bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətində yekunlaşdırılması planlaşdırılır.
Sazişin imzalanması enerji sahəsində strateji əməkdaşlıq üçün yeni imkanlar açır. Bu da hər iki tərəf üçün fayda gətirəcək.