Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycanda həyata keçirdiyi ödəniş və təqdim etdiyi zəmanətlərin ümumi məbləği 2025-ci ilin iyul ayında 3 milyard 456 milyon avroya yüksəlib. Başqa sözlə, son bir ayda bu rəqəm 10,3 faiz və ya 324 milyon avro artıb.
Bu da AYİB-in ölkədə qeyri-neft iqtisadiyyatının inkişafına, yerli maliyyə institutlarının gücləndirilməsinə və yaşıl iqtisadiyyat layihələrinə yönəlmiş dəstəyinin davam etdiyini göstərir. Belə ki, hazırda bankın Azərbaycandakı ümumi investisiyası 3 milyard 783 milyon avro, aktiv portfelinin həcmi 991 milyon, əməliyyat aktivləri 717 milyon avro təşkil edir. Bankın ölkəmizdə həyata keçirdiyi layihələrin sayı 34-dür. Portfelin 38 faizi özəl sektorun, 1 faizi isə səhm investisiyalarının payına düşür.
Xatırladaq ki, Azərbaycan 1992-ci il sentyabr ayının 25-də Avropa Yenidənqurma və İnkişaf Bankınına üzv seçilib.