Azərbaycanın Avropa İttifaqı bazarında mövqeyi möhkəmlənir

post-img

Yarımillik dövriyyə 22,6 faiz artıb

Azərbaycan Prezidenti İlham Əliyev:
Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir.

Azərbaycan beynəlxalq aləmdə nüfuzunu genişləndirərək investisiya cəlbediciliyini artırmaqla yanaşı, Avropa İttifaqı (Aİ) ölkələri ilə beynəlxalq ticarət əlaqələrini qarşılıqlı əməkdaşlıq çərçivəsində inkişaf etdirməyi də daim diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli, uğurlu siyasət nəticəsində hazırda respublikamız dünyada baş verən iqtisadi təlatümlər fonunda dünyanın sürətli inkişaf tempinə çatan ölkələrindən birinə çevrilib. Bu, özünü daha çox çevik və səmərəli iqtisadi idarəetmə hesabına, köklü struktur – institusional islahatların reallaşdırılması nəticəsində qeyri-neft sektorunun payının yüksəlməsində büruzə verib. Qeyri – neft sənayesinin inkişafı ölkəmizin karbohidrogen daşıyıcılarının hasilat və ixracından əldə edilən gəlirlər hesabına sürətlənib, eyni zamanda, bunun nəticəsində daxili istehsalın və istehlak bazarının idxaldan asılılığı azalıb, ixracın şaxələnməsi reallaşıb.

Son 20 il ərzində respublikada yüzlərlə müasir sənaye müəssisəsinin, yeni istehsal sahələrinin, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması isə yerli məhsulların payının əhəmiyyətli dərəcədə artmasını şərtləndirməklə yanaşı, ixrac imkanlarının genişlənməsində önəmli rol oynayıb. Təbii ki, ixrac imkanlarının genişlənməsi üçün respublikada müxtəlif sahələri əhatə edən istehsalat sahələrinin, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühitinin və siyasi sabitliyin yaradılması diqqət mərkəzində saxlanılıb.

Yeri gəlmişkən, respublikada əlverişli biznes mühiti dedikdə şübhəsiz ki, sahibkarlar, iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühitinin mövcudluğu, bu sahədə dövlət tərəfindən müxtəlif dəstək tədbirlərinin, həmçinin vergi və gömrük güzəştlərinin reallaşdırılması nəzərdə tutulur və bunlar hazırda iqtisadi inkişafın dinamikasını şərtləndirir. Qeyri – neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilat və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.

Həyata keçirilən bütün bu tədbirlərin nəticəsidir ki, Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi son illər xeyli yaxşılaşıb. Bu ilin I yarısında isə respublikamızla sözügedən ittifaq ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 10 milyard 462 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz çox) təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, son 1 ildə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 24,2 faiz artaraq 9 milyard 39 milyon dollar, ittifaq ölkələrindən idxalın dəyəri isə 13,5 faiz artaraq 1 milyard 423 milyon dollar olub. Yanvar – iyun aylarında Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 70,2 faiz, ümumi idxalında payı isə 12,3 faiz təşkil edib. Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Çexiya, Yunanıstan və İspaniya ilə formalaşıb.

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 6 milyard 242 milyon dollar, o cümlədən bu ölkəyə ixracın dəyəri 5 milyard 993 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 248,8 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 26,9 faiz, ixrac 27,5 faiz, idxal isə 15,2 faiz artıb.

Respublikamızla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 767,3 milyon dollar, o cümlədən bu ölkəyə ixracın dəyəri 320,3 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 447 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 9,1 faiz, ixrac 0,4 faiz, idxal isə 16,4 faiz artıb.

Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin dəyəri 485 milyon dollar, o cümlədən bu ölkəyə ixracın dəyəri 459 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 34,2 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 6,3 faiz, ixrac 8,4 faiz azalıb, idxal isə 36,7 faiz artıb.

Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin dəyəri 397 milyon dollar, o cümlədən bu ölkəyə ixracın dəyəri 372 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 24,8 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 8,3 faiz, ixrac 10,6 faiz artıb, idxal isə 17,6 faiz azalıb.

Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin dəyəri 118 milyon dollar, o cümlədən bu ölkəyə ixracın dəyəri 6 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 112 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 0,2 faiz, idxal 65,2 faiz artıb, ixrac 8,2 dəfə azalıb.

 

 



İqtisadiyyat