Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası – Süni intellekt – İdarəetmə sistemi” dövlət standartı qəbul edilib.
AZSTAND-dan XQ-yə bildirilib ki, yeni standart süni intellekt texnologiyalarının tətbiqində risklərin idarə olunması, etik prinsiplərə riayət edilməsi və şəffaflığın qorunması tələblərini müəyyənləşdirir. Eyni zamanda süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanılması və davamlı olaraq təkmilləşdirilməsinə dair ən müasir alqoritmləri və yanaşmaları əhatə edir.
Yeni dövlət standartı İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və adıçəkilən institut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, yeni dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.5-ci yarımbəndinin icrası məqsədilə qəbul edilib.