Son illər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) dekorbanizasiya istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu məqsədlə yeni gəmilər alınır, mövcud gəmilər əsaslı şəkildə təmir olunur, köhnələr isə istismardan çıxarılır. Məhz həmin tədbirlərin nəticəsidir ki, son 10-12 il ərzində ASCO emissiyaların 20 faiz azaldılmasına nail olub.
Bütün bunlarla yanaşı, qurum karbon emissiyalarının azaldılması strategiyasına uyğun olaraq bərpaolunan enerji istehsalının artırılması üçün də konkret işlər görür. Məlum olduğu kimi, ötən ilin oktyabrında “Bibiheybət” Gəmi Təmiri Zavodunun 512 kvadratmetr ərazisində hər biri 690 Vt gücündə olan 162 ədəd günəş paneli quraşdırılaraq istismara verilib. ASCO-dan verilən məlumata görə, ötən müddətdə həmin panellər vasitəsilə 112 min 82 kilovat-saat “təmiz” enerji hasil olunub. Ayrı-ayrı günlərdə isə enerji hasilatı 700-800 kilovat-saat səviyyəsinə yaxınlaşıb.
Hesablamalara əsasən ötən müddətdə təxminən 80 tona yaxın karbon qazı emissiyasının qarşısı alınıb ki, bu da ekoloji baxımdan təxminən 6 min 100 ağacın qorunmasına bərabər fayda deməkdir. Eyni zamanda müəssisədə 43,9 ton daş kömürə qənaət olunub. Bu isə enerji hasilatında fosil (qalıq) yanacaqlardan istifadənin azalmasını göstərir.
XQ