Ölkəmizdə istilik sektoru karbondan imtina edir

post-img

Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda “İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpaolunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi” texniki yardım layihəsinin icrasına başlanılıb. AİB-nin Təmiz Enerji Fondu və Texniki Yardım Xüsusi Fondu tərəfindən maliyyələşdirilən layihənin dəyəri 1,1 milyon ABŞ dolları təşkil edir. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, layihənin əsas məqsədi istilik təchizatı sahəsində Milli Strategiyanın və “İstilik təchizatı haqqında” qanunun icrasından irəli gələn normativ-hüquqi sənədlərin layihələrinin hazırlanması, istilik sektorunun dekarbonizasiyası, mövcud isitmə sistemlərinin enerji səmərəliliyinin artırılması, tarif siyasətinin optimallaşdırılması, pilot layihə vasitəsilə bərpaolunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi, “Azəristiliktəchizat” ASC-nin inkişaf strategiyasının hazırlanmasını əhatə edir.

Texniki yardım layihəsinin icrası məqsədilə məsləhətçinin cəlb edilməsi üçün AİB tərəfindən aparılmış seçim prosesi avqust ayında yekunlaşıb və “NİRAS” (Danimarka), “Integration Environment & Energy GMBH” (Almaniya) və “ENERGAZER” MMC (Azərbaycan) şirkətlərindən ibarət birgə müəssisə məsləhətçi kimi seçilib. Layihə çərçivəsində nəzərdə tutulan xidmətlərin 2027-ci ilin mart ayınadək tamamlanacağı planlaşdırılır.

Qeyd edək ki, layihənin icrası müddətində müvafiq texniki və təşkilati dəstəyin göstərilməsi Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçiriləcək.

XQ

 

İqtisadiyyat