Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının, Nankin və Sian şəhərlərində fəaliyyət göstərən Azərbaycan ticarət evlərinin birgə təşkilatçılığı ilə Azərbaycan şərablarının tanıdılmasına həsr olunmuş tədbirlər keçirilib.
XQ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Çinin Nankin və Sian şəhərlərində Azərbaycan şərablarının tanıdılması məqsədilə tədbirlər keçirilib. 27 noyabr-4 dekabr tarixlərində keçirilən tədbirlər Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının, Nankin və Sian şəhərlərində fəaliyyət göstərən Azərbaycan ticarət evlərinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirlərin keçirilməsində məqsəd Azərbaycan şərablarının Çin bazarında tanıdılması, ölkəmizin ixrac potensialının artırılması və bazara çıxış imkanlarının genişləndirilməsinə töhfə verməkdir.
Tədbirlərdə çinli şərab idxalçıları və alıcılarına Azərbaycan şərablarının qədim tarixi, hazırda ölkəmizdə şərabçılığın inkişafı üzrə görülən işlər barədə məlumat verilib. Həmçinin tanınmış şərab mütəxəssisi Kevin Dinq tərəfindən master-klass və şərab dequstasiyaları keçirilib.
Tədbirlər çərçivəsində potensial çinli tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunub.
XQ




