Regionun iqtisadi lideri

post-img

Azərbaycan Cənubi Qafqazda tərəqqinin lokomotividir

2025-ci ilin yanvar–oktyabr aylarında Cənubi Qafqaz regionunun ticarət dövriyyəsi 76, 467 milyard dollar təşkil edib. "Gnomon Wise" tədqiqat təşkilatının məlumatına görə, 2024-cü ilin eyni dövründə bu göstərici 83,887 milyard dollar olub ki, bu da illik müqayisədə 8,8 faiz azalma deməkdir.

Bildirilir ki, Cənubi Qafqaz ölkələri – Azərbaycan, Ermənistan və Gürcüstan kiçik və açıq iqtisadiyyatlara malikdir və qlobal bazarlarla inteqrasiya olunublar. 2025-ci ilin yanvar-oktyabr aylarında regionun ticarət dövriyyəsində idxalın payı 43,467 milyard dollar, ixracın ümumi dəyəri isə təxminən 33 milyard dollar təşkil edib.

Cənubi Qafqaz ölkələri arasında ticarət dövriyyəsində Azərbaycan lider mövqeyə malikdir və onun payı 51,4 faiz təşkil edir. Gürcüstanın payı 26,9 faiz, Ermənistanın payı isə 21,7 faiz səviyyəsindədir. "Gnomon Wise"ın məlumatına görə, regionda xarici ticarət ölkələrin iqtisadi artımına mühüm töhfə verir və ticarət əlaqələrinin gücləndirilməsi regionun iqtisadi sabitliyi üçün əhəmiyyətlidir.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 3,8 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın, 19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9 faiz azalıb, idxal isə 2,6 milyard ABŞ dolları və yaxud 15,6 faiz artıb. Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.

Cari ilin yanvar–oktyabr aylarında Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə İtaliya 10, 556 milyard ABŞ dolları ilə ilk pillədə qərarlaşıb. Türkiyə 4,77 milyard ABŞ dolları ilə ikinci, Rusiya isə 4,152 milyard ABŞ dolları ilə üçüncü yerdədir. Bu ölkələrin ardınca 3,814 milyard ABŞ dolları ilə Çin gəlir.

Yeri gəlmişkən, hesabat dövründə ixracda ilk onluqda yer alan ölkələr İtaliya, Türkiyə, Rusiya, Çexiya, Yunanıstan, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Almaniya və Rumıniyadır. İdxalda isə Çin, Rusiya, Türkiyə, ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Qazaxıstan, İran İslam Respublikası və İsveçrə ilk onluqda yer alır.

Qeyd olunduğu kimi, bu ilin yanvar-oktyabr aylarında Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə mövqeyində qərarlaşıb. Çindən Azərbaycana 3,7 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 734 milyon ABŞ dolları və ya 24,5 faiz artım deməkdir. Azərbaycandan Çinə 79,6 milyon dollarlıq məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65,2 milyon ABŞ dolları və ya 5,5 dəfə çoxdur.

Azərbaycan əsasən neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi, həmçinin pomidor, fındıq, xurma və digər kənd təsərrüfatı məhsullarını ixrac edir. Ölkənin idxalı isə əsasən avtomobillər, sənaye avadanlıqları, elektronika, buğda, şəkər, bitki yağları, dərman preparatları, kimya sənayesi məhsulları və müxtəlif tikinti materiallarından ibarətdir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 20,754 milyon tondan çox xam neft və bitumlu süxurlardan əldə edilmiş neft məhsulları ixrac edib ki, bu da təxminən 10,850 milyard ABŞ dolları təşkil edib. Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınan xam neft və neft məhsullarının payı 50,14 faiz təşkil edib.

Bu ilin ilk 10 ayında Azərbaycandan 7 milyard 418 milyon ABŞ dolları həcmində 20 milyard 649 milyon kubmetr təbii qaz ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 569,3 milyon dollar və ya 8,3 faiz çoxdur, miqdar ifadəsilə isə 690 milyon kubmetr, başqa sözlə, 3,2 faiz azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 6 milyard 849 milyon dollar dəyərində 21 milyard 339 milyon kubmetr təbii qaz ixrac olunmuşdu. Bu ilin ilk 10 ayının nəticələrinə görə, Azərbaycanın ixrac etdiyi təbii qazın hər 1000 kubmetrinin orta ixrac qiyməti 359 dollar təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 321 dollar idi. Bu da illik müqayisə ilə 38 dollar və ya 11,9 faiz bahalaşma deməkdir. Bu ilin 10 ayında ümumi ixracın 34,28 faizi təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 30,11 faiz olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın noyabr sayında qeyd olunub ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 2,99 milyard, o cümlədən yeyinti məhsulları üzrə 19,8 faiz artaraq 962,1 milyon dollar olub.

Maraqlısı budur ki, həmçinin ixrac olunan şəkər 49,6, meyvə-tərəvəz 30, kimya sənayesi məhsulları 22,8, pambıq iplik 8,8, alüminium və onlardan hazırlanan məmulatlar 3,8 faizə qədər artıb. Cari ilin 10 ayında aqrar məhsullar üzrə ixracın dəyəri 769,7 milyon, aqrar-sənaye məhsulları üzrə 260 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsulları üzrə ixracın dəyəri 19,1 faiz artaraq 1,03 milyard dollar təşkil edib. Qeyd edilən dövr ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, pomidor (tomat) ikinci, karbamid üçüncü, oktyabr ayı ərzində isə qızıl birinci, xurma ikinci, meşə fındığı üçüncü olub.

Göründüyü kimi, Cənubi Qafqazda 8,8 faizlik azalmaya paralel olaraq Azərbaycan iqtisadi liderliyini qoruyur. Yeni nizamda baş verən natarazlıqlara baxmayaraq, beynəlxalq reytinq agentlikləri, tədqiqat təşkilatları ölkəmizin maliyyə və iqtisadi mühiti ilə bağlı müsbət proqnozlar, rəylər verirlər. Məlumdur ki, hazırda Azərbaycan investisiya mühiti üçün ən münbit ölkələrdən sayılır. Şübhəsiz, qlobal güclərin əməkdaşlıq gündəliyində də, Azərbaycan məhz bu kimi amillər hesabına ön sıralarda qərarlaşır.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat