Naxçıvan şəhərində rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə II Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Türkiyə Palatalar və Birjalar Birliyinin, Qars Ticarət və Sənaye Palatasının, “Cahan Holding” və “Marsol Group”un dəstəyi ilə keçirilən foruma Azərbaycan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri, Qars, İğdır, Ərdahan, Ərzurum kimi bölgələrin valiliklərinin, bələdiyyə və ticarət palatalarının təmsilçiləri, eləcə də 200-dən çox iş adamı qatılıb.
Forumun məqsədi Azərbaycan və Türkiyə, xüsusilə də hər iki ölkənin regionları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, bu sahədə mövcud potensialın və biznes əməkdaşlığı üçün imkanların diqqətə çatdırılması, eləcə də Naxçıvan Muxtar Respublikasının biznes və investisiya imkanları barədə Türk iş adamlarının məlumatlandırılması, Türkiyənin sərhədyanı bölgələri ilə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsidir.
Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Türkiyənin Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-ın vitse-prezidenti, Azərbaycan–Türkiyə Ticarət və Sənaye Palatasının həmsədri Vüqar Abbasov çıxış edərək ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın inkişafı, iki ölkənin iş adamları arasında əməkdaşlıq, biznes və investisiya qoyuluşu üçün imkanlar barədə fikirlərini bölüşüblər.
Natiqlər bildiriblər ki, logistika, sərhədyanı ticarət, investisiya və KOB-ların dəstəklənməsi istiqamətində atılan qarşılıqlı addımlar bölgədə iqtisadi dinamikanın güclənməsinə və yeni tərəfdaşlıq imkanlarının açılmasına töhfə verir, xüsusilə Naxçıvanın regional əməkdaşlıq baxımından yaratdığı imkanlar biznes dairələri üçün böyük perspektivlər açır.
Forum çərçivəsində Naxçıvanın investisiya, ticarət və logistika imkanları barədə təqdimat nümayiş etdirilib, iki ölkənin iş adamları arasında B2B görüşlər keçirilib. Türk iş adamları səfər çərçivəsində Naxçıvanda fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə də tanış olublar.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Naxçıvanda səfərdə olan Azərbaycan və Türkiyə heyətləri, o cümlədən Qars, İğdır, Ərdahan, Ərzurum kimi bölgələrin valiləri, bələdiyyə və ticarət palatalarının təmsilçiləri ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyənin regionları arasında əməkdaşlıq, sərhədyanı ticarətin inkişafı məsələləri müzakirə edilib.
Qeyd edək ki, forumun məqsədi Azərbaycan və Türkiyə, xüsusilə də hər iki ölkənin regionları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, bu sahədə mövcud potensialın və biznes əməkdaşlığı üçün imkanların diqqətə çatdırılması, eləcə də Naxçıvan Muxtar Respublikasının biznes və investisiya imkanları barədə Türk iş adamlarının məlumatlandırılması, Türkiyənin sərhədyanı bölgələri ilə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsidir.
XQ

