Bu aksiya Azərbaycanın innovasiya ekosisteminə mühüm töhfə verib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə Azərbaycanın innovasiya ekosistemi üçün əlamətdar hadisə baş verib. “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Qısa müddətdə ekosistemin əsas platformalarından birinə çevrilən bu müsabiqə innovasiya mühitinin aparıcı oyunçularını bir araya gətirərək ölkədə rəqəmsal transformasiya prosesinə verilən önəmi bir daha nümayiş etdirib.
Mərasimdə innovasiya ekosisteminin, təxminən, 200-ə yaxın nümayəndəsi, o cümlədən startaplar, iri şirkətlərin təmsilçiləri və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Bu faktın özü “IDDA Awards”ın artıq təkcə bir müsabiqə deyil, innovativ ideyaların, yeni texnoloji həllərin və strateji tərəfdaşlıqların formalaşdığı mühüm platformaya çevrildiyini göstərir.
Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə ümumilikdə 162 müraciət daxil olub. İlkin mərhələdə 119 layihə ictimai səsverməyə buraxılıb, yekun mərhələdə isə hər nominasiya üzrə 5 finalçı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bu yanaşma həm ictimai rəyin, həm də peşəkar ekspertizasının nəzərə alınması baxımından müsabiqənin şəffaf və obyektiv mexanizmlə keçirildiyini ortaya qoyur.
Tədbirin rəsmi hissəsində çıxış edən İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli, İnvestisiya və miqyaslaşma şöbəsinin müdiri Ağahüseyn Əhmədov ölkədə innovasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirilən islahatlar, formalaşmaqda olan startap ekosistemi və “IDDA Awards”ın bu prosesdə oynadığı rola diqqət çəkiblər. Çıxışlarda vurğulanıb ki, innovativ təşəbbüslərin təşviqi və texnoloji layihələrin miqyaslanması Azərbaycanın dayanıqlı iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biridir.
“IDDA Awards 2025” çərçivəsində müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşdirilib. Belə ki, “İlin Startapı” nominasiyasında IMED, “İlin Rezidenti” nominasiyasında Era Soft Digital Solutions, “İlin Ekosistem Lokomotivi” və “İlin İKT-də Qadını” nominasiyalarında Emiliya Əhmədova, “İlin Ekosistem Oyunçusu” nominasiyasında Yaradıcı Mərkəz, “İlin Bacarıq Gücü” nominasiyasında STEP IT, “İlin Texnologiya Tədbiri” nominasiyasında Baku ID, “İlin Rəqəmsal Layihəsi” nominasiyasında isə e-AHİK qalib elan olunub.
Qeyd etmək lazımdır ki, “IDDA Awards” Azərbaycanda innovasiyaların təşviqi, startapların yaratdığı qabaqcıl texnoloji həllərin tanıdılması və innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqinin stimullaşdırılması baxımından mühüm rol oynayır. Bu platforma iştirakçılar üçün təkcə mükafat qazanmaq deyil, eyni zamanda, ekosistemdə tanınmaq, şəbəkələşmək və yeni tərəfdaşlıqlar qurmaq baxımından da geniş imkanlar yaradır. “IDDA Awards” artıq ölkənin innovasiya gündəmində mühüm yer tutan və gələcəkdə də bu sahənin inkişafına töhfə verməyə davam edəcək nüfuzlu təşəbbüslərdən biri kimi qiymətləndirilir.
Azərbaycanın startap ekosistemi və bu çərçivədə görülən işlərlə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tətqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev XQ-yə bildirdi ki, Müsabiqə innovasiya sektorunun inkişafını stimullaşdırmaq, fəaliyyətləri geniş ictimaiyyətə tanıtmaq və sahədə marağı artırmaq məqsədi daşıyır:
– “IDDA Awards” innovasiyanın dəyər gördüyü bir platforma kimi ekosistemin inkişafına mühüm töhfə verir. Bu mükafatlandırma təşəbbüsü yaradıcı ideyaların real nəticələrə çevrilməsini təşviq edir. Startaplar üçün etibar qazanmaq baxımından “IDDA Awards” mühüm rol oynayır. Tədbir innovasiya sahəsində fəaliyyət göstərən insanları və komandaları bir araya gətirir. “IDDA Awards” ideya mərhələsindən məhsula gedən yolun qiymətləndirildiyi platformalardandır. Mükafatlandırma prosesi sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir. Bu platforma startap ekosisteminin sistemli şəkildə formalaşdığını göstərir. Tədbir innovativ düşüncənin cəmiyyətdə yayılmasına töhfə verir. Startaplar üçün bu cür tanınma yeni imkanların qapısını açır.
Ekspert bildirdi ki, bu platforma innovasiya sahəsində çalışanların zəhmətinə verilən dəyərin göstəricisidir:
– GovTech, FinTech, EdTech kimi sahələrdə pilot layihələr üçün zəmin yaranır. Bir çox startap üçün bu tip mükafatlar ilk reputasiya kapitalıdır. Dövlət səviyyəsində innovasiyaya verilən önəmi açıq şəkildə nümayiş etdirir.
Nurlan ABDALOV
XQ


