Muğan torpağı bol taxıl yetişdirib

post-img

Ölkəmizdə tarixən məhsuldarlığı ilə seçilən Sabirabad rayonunda 2025-ci ilin 9 ayı ərzində əvvəlki illərlə müqayisədə bol məhsul toplanıb. Ümumilikdə rayonda 10 min 904 hektar sahədə buğda, ümumi əkinin 46,36 faizə qədər arpa əkinləri aparılmışdır.

Sabirabad DAİM-in bitkiçilik sektorunun müdiri Məhəmməd Məmmədov bildirdi ki, buğda sahəsinin hər hektarından 47,2 sentner olmaqla 51,3 min ton məhsul götürülüb. Bu da orta respublika göstəricisindən xeyli çoxdur. 9 min 385 arpa sahəsinin hər hektarından isə orta hesabla 39,4 sentner olmaqla 36 min 984,9 ton məhsul toplanıb.

Aqrar sahədə son 20 ildə aparılmış islahatlar pambıq istehsalında da müsbət dəyişiklərə səbəb olmuşdur. Əməli işlərin praktikası göstərir ki, kənd təsərrüfatı bitkilərinin istehsalı prosesinin bütün mərhələlərində təchizatdan tutmuş hazır məhsulun tədarükünə və satışına qədər heç bir ciddi problem qalmamışdır.

Qeyd olundu ki, «Aqrolizinq» ASC-nin Sabirabad Regional Nümayəndəliyinin və özəl sahədə fəaliyyət göstərən sahibkarların istifadələrində olan 220 ədəd traktor, 45 ədəd səpin texnikası, 75 ədəd ağır mala, 550 ədəd yüngül mala vasitələrindən istifadə edilmişdir.

Uzun illər əkinçiliklə məşğul olan “Miri” fermer təsərrüfatı yüksək məhsuldarlığı ilə rayonda böyük nüfuz qazanıb.

Təsərrüfatın rəhbəri Ağa Balaseyid oğlu Əhmədov ilə həmsöhmət olduq. O, kollektivin qazandığı uğurların ilbəil yüksəldiyinə toxunaraq dedi:

– Təsərrüfatı böyük əkinçilik təcrübəsi olan atam 1999-cu ildə yaradıb. Pambıqçılıq, taxılçılıq, sonradan isə maldarlıqla məşğuluq. Bir müddət atam işlədikdən sonra 20 ilə yaxındır təsərrüfata mən rəhbərlik edirəm. Maldarlığı da əlavə etməklə işimizi xeyli genişləndirmişəm. Hər il 50 sentnerdən çox pambıq toplayaraq təhvil verirəm. 50 hektar sahədə pambıq əkirəm və təcrübəm artdığından bol məhsul toplaya bilirəm. Bu il əvvəlki illərə nisbətən məhsuldarlıq yaxşı oldu, hər hektardan 53 sentner toplamışam.

30 hektar ərazidə taxıl əkən fermer iri və xırdabuynuzlu heyvanların sayını da durmadan artırır. Zəhmətkeşliyi və işgüzarlığı ilə seçilən Ağa Əhmədov “Tərəqqi” medalı ilə təltif olunmasını əməyinə dövlətin yüksək qiyməti kimi dəyərləndirir. Fermer təsərrüfatını genişləndirmək və bol məhsul toplamaq üçün əzmlə çalışır.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri



İqtisadiyyat