AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Azərpoçt” MMC Bakı – Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 reysinin icrası zamanı baş vermiş faciəyə həsr olunmuş poçt markasını təqdim edib.
XQ xəbər verir ki, poçt markasının təqdimat mərasimi Azərbaycan Tarixi Muzeyində keçirilib. Təqdimat çərçivəsində markanın nümunəsi muzeydə xüsusi ekspozisiya kimi nümayiş etdirilib. Markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.
Poçt markasının dövriyyəyə buraxılışı AZAL və “Azərpoçt”un birgə təşəbbüsü olub və ötən ilin dekabrın 2-də Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının ildönümünə həsr edilib. Layihə faciə qurbanlarının əziz xatirəsinə ehtiram ifadə etməklə yanaşı, ekstremal şəraitdə peşəkar, koordinasiyalı və fədakar fəaliyyəti nəticəsində 29 nəfərin həyatını xilas etmiş ekipaj üzvlərinin qəhrəmanlığını ön plana çıxarır.
Təqdimat tədbirində çıxış edən AZAL-ın vitse-prezidenti İlham Əmirov poçt markası buraxılışının həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mühüm mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.
“Poçt markası bəzən kiçik bir kağız parçası kimi görünə bilər, amma əslində o, bir ölkənin, millətin tarix və mədəniyyətinin daşıyıcısıdır. Ölkədən-ölkəyə göndərilən, fərqli ünvanlara çatan, gördükcə insanı düşündürən və tarixi özündə daşıyan bu kiçik nişanlar illər sonra albomlarda qalır, nəsildən-nəslə ötürülür. Bu mənada J2-8243 reysinə həsr edilən markaların dövriyyəyə buraxılması xatirəni uzunömürlü edən, onu geniş ictimaiyyətə çatdıran çox dəyərli bir addımdır,” – deyə İlham Əmirov bildirib.
“Bu layihənin AZAL və “Azərpoçt”un birgə təşəbbüsü kimi həyata keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, iki dövlət qurumunun yalnız funksional deyil, mənəvi məsuliyyəti də bölüşdüyünün göstəricisidir. AZAL bu hadisənin tarixini yaşadan tərəfdirsə, “Azərpoçt” həmin tarixi ölkədən-ölkəyə, ünvandan-ünvana daşıyan körpüdür,” – deyə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev qeyd edib.
Poçt markasının təqdimatında Azərbaycan Respublikasının Milli qəhrəmanları olan ekipaj üzvlərinin ailələri də iştirak ediblər. Onlar göstərilən diqqətə və yaxınlarının xatirəsinin yaşadılmasına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Tədbir çərçivəsində xatirə poçt markaları Milli qəhrəmanların ailə üzvlərinə və J2-8243 reysinin ekipaj üzvlərinə təqdim olunaraq onların cəsarət və peşəkarlığına göstərilən ictimai ehtiramın ifadəsi olub.
Layihənin diqqətçəkən cəhətlərindən biri də onun xeyriyyəyönümlü olmasıdır. Xatirə poçt markalarının satışından əldə edilən bütün vəsait “YAŞAT” Fonduna ianə olunacaq.
Tədbirin sonunda qonaqlar üçün Azərbaycan Tarixi Muzeyi üzrə ekskursiya təşkil olunub. Muzeydə, eyni zamanda sözügedən reysin heyətinə həsr edilmiş ayrıca bölmə də mövcuddur.
2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

