2026-cı ildə iqtisadi yüksəlişin əhatə dairəsi genişlənəcək
Müasir dövrdə qlobal iqtisadi proseslər getdikcə daha mürəkkəb və çoxşaxəli xarakter alır. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər nüfuzlu beynəlxalq maliyyə institutlarının 2026-cı il üçün hazırladığı hesabatlarda enerji bazarlarında qeyri-müəyyənliklərin davam edəcəyi, geosiyasi risklərin artacağı, ticarət münasibətlərində isə proteksionist meyillərin (milli iqtisadiyyatın stimullaşdırılması, daxili bazarın xarici rəqabətdən qorunması) güclənəcəyi xüsusi vurğulanır. Ekspertlərin fikrincə, bu tendensiyalar dünya iqtisadiyyatına, eyni zamanda, enerji ixracatçısı və regional nəqliyyat-logistika mərkəzinə çevrilməkdə olan Azərbaycanın inkişaf dinamikasına da müəyyən təsir göstərə bilər.
Aqrar sahənin qeyri-neft sektorunda payı yüksələcək
Belə şəraitdə əsas suallardan biri qlobal risklər fonunda Azərbaycan iqtisadiyyatının hansı sahələr hesabına dayanıqlılığını qoruyacağı və inkişafını davam etdirəcəyi ilə bağlıdır. Ekspertlərin, eləcə də proqnoz mərkəzlərinin ümumi qənaətinə görə, məhz kənd təsərrüfatının 2026-cı ildə ölkənin sosial-iqtisadi sabitliyini qoruyan əsas dayaqlardan biri olacağı gözlənilir. Çünki bu sahə ərzaq təminatı ilə bərabər, həm də məşğulluğun artırılması, regionların sosial dirçəlişi, idxaldan asılılığın azaldılması və ixrac potensialının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Buna görə də 2026-cı ildə qeyri-neft sektorunun inkişaf tempinin qorunub saxlanması və hətta sürətlənməsi üçün kənd təsərrüfatının lokomotiv rolunun güclənəcəyi proqnozlaşdırılır.
Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatı respublikamızın ərzaq təhlükəsizliyinin gerçəkləşdirilməsində, eləcə də iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Bununla bərabər, ölkədə aqrar sektorun yeni qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr də mühüm önəm daşıyır. Bu baxımdan respublikada torpaq və su ehtiyatlarının məhdud olması şəraitində kənd təsərrüfatında qarşıya qoyulan əsas vəzifələrdən biri də məhsuldarlığı artırmaqla daha böyük istehsal həcmləri yaratmaqdan ibarətdir.
Hazırda ölkənin taxılçılıq regionlarında 15 min hektara qədər sahədə innovativ texnologiyaların tətbiqinə, rəqəmsal həllərə üstünlük verilməsi məhsuldarlığın və səmərəliliyin artmasına müsbət təsir göstərir. Bu, eyni zamanda, əkin vaxtının dəqiq müəyyənləşdirilməsi, lazımi gübrələrdən geniş istifadə olunması, torpağın nəmliyinin saxlanılması və məhsul yığımı üçün optimal vaxta nəzarət edilməsi məsələlərini reallaşdırır.
Zəngəzur dəhlizinin addım səsləri güclənəcək
Cari il icrasının daha da sürətlənəcəyi və mərhələli şəkildə başa çatdırılacağı gözlənilən Zəngəzur dəhlizi ilə bağlı nəqliyyat-logistika layihələri də Azərbaycanın iqtisadi gələcəyində xüsusi yer tutur. Bu infrastruktur ölkəmizin tranzit imkanlarını artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının bazara çıxışında uzun illər mövcud olmuş məhdudiyyətləri aradan qaldıracaq. Ekspertlərin fikrincə, Zəngəzur dəhlizi regionlar arasında logistika xərclərini azaldacaq, məhsulun tarladan istehlakçıya çatdırılma müddətini qısaldacaq və itkiləri minimuma endirəcək. Bu isə birbaşa olaraq ərzaq təhlükəsizliyinə əlavə dəyər deməkdir. Adıçəkilən layihə xüsusilə də daxili bazarın sabit məhsul axını ilə təmin olunması və ixrac üçün rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının formalaşdırılması baxımından strateji önəm daşıyır.
2026-cı ildə respublikamızın kənd təsərrüfatında əsas istiqamətlərdən biri olan “ağıllı” aqrar sistemlər geniş tətbiq olunacaq. Damcı suvarma texnologiyaları, rəqəmsal nəzarət mexanizmləri, məhsuldarlığın proqnozlaşdırılması və texnologiya əsaslı istehsal modelləri fermerlərin xərclərini azaltmaqla yanaşı, məhsulun keyfiyyətini və həcmini də artıracaq.
İqlim dəyişmələrinin təsirləri fonunda su resurslarından səmərəli istifadə amili xüsusi aktuallıq kəsb edir. Bu baxımdan, müasir suvarma sistemlərinin tətbiqi həm ekoloji, həm də iqtisadi baxımdan mühüm üstünlüklər yaradır. Nəticədə kənd təsərrüfatı daha dayanıqlı və risklərə davamlı bir sektora çevrilir.
Proqnozlara görə, 2026-cı ildə istixana təsərrüfatlarının və aqrar emal müəssisələrinin genişləndirilməsi əsas istiqamətlərdən biri olacaq. Bu, fermerlərin məhsulu xammal kimi ucuz qiymətə satmaq əvəzinə, emal edərək daha baha və rəqabətqabiliyyətli şəkildə bazara çıxarmasına imkan verəcək. Aqrar emal sənayesinin inkişafı, eyni zamanda, kənd yerlərində yeni iş yerlərinin yaradılmasına, regionların iqtisadi fəallığının artmasına və daxili bazarda qiymət sabitliyinin qorunmasına xidmət edəcək. Beləliklə, kənd təsərrüfatı bütöv bir iqtisadi dəyər zənciri kimi formalaşacaq.
Qarabağ və Şərqi Zəngəzurun ərzaq təhlükəsizliyinə töhfəsi artacaq
Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan müasir dəstək tədbirləri həyata keçirilir.
Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində düşmən tapdağında qalan torpaqların işğaldan azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyənləşdirilməsinə imkan verir.
Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzur bölgələri 2026-cı ildə kənd təsərrüfatının inkişafında xüsusi rol oynayacaq. Həmin ərazilərdə taxılçılıq, heyvandarlıq, meyvə-tərəvəz və üzümçülük üzrə yeni təsərrüfatların qurulması, müasir infrastrukturun yaradılması və “ağıllı” kənd konsepsiyasının tətbiqi aqrar bərpanın qarşısının alınmasında əsas sütun rolu oynayacaq. Eyni zamanda, adları çəkilən iqtisadi rayonların zəngin potensialı daxili bazarın təminatı ilə bərabər, ixracyönümlü məhsul istehsalına da geniş imkanlar yaradacaq. Bu isə Azərbaycanın ərzaq təhlükəsizliyini gücləndirməklə yanaşı, valyuta gəlirlərinin artmasına əhəmiyyətli töhfə verəcək.
“Yaşıl enerji”nin coğrafiyası genişlənəcək
2026-cı ildə günəş və külək stansiyalarının fəaliyyət istiqamətlərinin genişlənməsi, enerji şəbəkəsinə inteqrasiyanın dərinləşməsi və yerli podrat zəncirinin formalaşması mühüm iqtisadi istiqamət kimi qiymətləndirilir. Bərpaolunan enerjinin payının artması ilə kənd təsərrüfatının emal sektorunda, logistika və sənaye parklarında enerji təminatının daha sabit və əlçatan olacağı da proqnozlaşdırılır. Bütün bunlarla bərabər, enerji xərclərinin optimallaşması ilə aqrar məhsulların maya dəyərinin azalacağı, nəticədə həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətinin yüksələcəyi, beləliklə, enerji siyasəti ilə aqrar siyasət arasında sinerjinin formalaşacağı gözlənilir.
Yeri gəlmişkən, son 5 ildə işğaldan azad edilən ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpaolunan enerji potensialından səmərəli istifadə çərçivəsində sistemli layihələr həyata keçirilib. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl” enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq savaşdan ötən müddətdə 270 MVt gücündə 30-dan çox su elektrik stansiyası istismara buraxılıb. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulub.
Beləliklə, bütün qlobal qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan 2026-cı ildə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin gerçəkləşdirilməsi üçün real və əsaslı imkanlara malikdir. İnfrastruktur layihələri, logistikanın genişlənməsi, müasir texnologiyaların tətbiqi, bərpaolunan enerji mənbələrinin artan rolu və azad edilən ərazilərin aqrar potensialı bu sahəni iqtisadi inkişafın əsas dayaqlarından birinə çevirir.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor
Dünya Bankı 2026-cı ildə qlobal iqtisadiyyatın orta hesabla 2,7 faiz artacağını və bu göstəricinin ölkələr üzrə fərqli olacağını proqnozlaşdırır. Məsələn, adıçəkilən maliyyə qurumu bu il ABŞ-da iqtisadiyyatın 1,6-2,6 faiz, Çində 4,4-4,8 faiz, Avropada isə 1-1,5 faiz arasında yüksələcəyi gözlənilir. Lakin bu proqnozlar hər zaman özünü doğrultmur. 2026-cı il üçün nəzərdə tutulan göstəricilərin bundan daha artıq olması da inandırıcı deyil. Cari il bəşəriyyətin üzləşəcəyi ən böyük problem ərzaq təminatı ilə bağlı olacaq. Verilən proqnozlar göstərir ki, bu il dünya müasir tarixin ən ciddi qlobal ərzaq təhlükəsizliyi böhranlarından biri ilə qarşılaşacaq və yüz milyonlarla insan kifayət qədər ciddi ərzaq qıtlığı yaşayacaq.
BMT-nin 2026-cı il üçün proqnozuna görə, bu il dünyada 318 milyon insan aclıq vəziyyətində və ya bundan daha ağır bir durumda olacaq. Bu da aclığın 2019-cu illə müqayisədə 2 dəfədən çox insanı əhatə edəcəyi anlamına gəlir. Nə qədər acınacaqlı olsa da, deməliyik ki, hazırda müasir dünyada aclığın qlobal humanitar maliyyələşdirilməsi sahəsində ciddi problemlər yaşanır. Qlobal humanitar maliyyələşmənin kəskin azaldılması səbəbindən yaxın perspektivdə BMT-nin Ərzaq Proqramı çərçivəsində aclıqdan əziyyət çəkən insanların yalnız az bir qisminə yardım göstərmək mümkün olacaq.
BMT 2026-cı ildə Ümumdünya Ərzaq Proqramı çərçivəsində aclıqdan əziyyət çəkən 318 milyon insanın ən həssas təbəqəsi hesab edilən 110 milyon insana yardım etməyi planlaşdırsa da, bunu gerçəkləşdirmək mümkün olmayacaq. Bu qədər insanı aclıqdan xilas etmək üçün, təqribən, 13 milyard ABŞ dolları məbləğində vəsait tələb olunur. Lakin mövcud proqnozlar onu göstərir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində bu il ən yaxşı halda həmin məbləğin, təxminən, yarısını reallaşdırmaq mümkündür.
Dünyada aclığın yaranmasının əsas səbəblərindən biri münaqişələr və müharibələrdir. Bu gün Sudan, Yəmən, Haiti, Fələstin, Əfqanıstan, Konqo Demokratik Respublikası kimi ölkələrdə milyonlarla insan aclıq həddindədir. Qəzza zolağında 1,6 milyondan çox insan kəskin qida çatışmazlığı ilə üzləşir. Əgər bölgədə döyüşlər yenidən başlayarsa, aclıq təhlükəsi də böyüyəcək.
Ərzaq təminatı sahəsində Azərbaycan hökumətinin qarşısında ciddi vəzifələr durur. Respublikamız aqrar-sənaye ölkəsi olsa da, hazırda əhalinin tələbatı üçün zəruri ərzağın 3/4 hissəsindən çox hissəsi idxal yolu ilə əldə edilir. Ərzaq təminatı sahəsində xaricdən bu qədər asılılıq hökuməti ciddi düşündürməlidir. Bu problemin tezliklə həll olunması yolunda strateji, qlobal miqyaslı və uzunmüddətli nəticələrə istiqamətlənən addımlar atılmasa, ölkənin ərzaq təhlükəsizliyi məsələsi dünya bazarlarında baş verən proseslərdən asılı vəziyyətdə qalacaq.
Vaqif BAYRAMOV
XQ


