Bu üçbucaqda qarşılıqlı faydaya əsaslanan uğurlu regional model formalaşıb
Fevralın 26-da Gürcüstanın Kaxeti bölgəsinin Telavi şəhərində Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu işə başlayıb. Builki görüş VII Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu kimi təşkil edilib. Məclisdə hər 3 ölkənin iqtisadiyyat nazirləri, təxminən, 300-ə yaxın iri şirkətin təmsilçisi iştirak edib. Forumu Gürcüstanın Ticarət və Sənaye Palatası, Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) birgə təşkil edib. Azərbaycanı bu tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Xatırladaq ki, VI Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu 2021-ci ildə Bakıda keçirilmişdi. Builki isə yeddinci belə forumdur ki, tərəflər arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfə vermək məqsədi daşıyır.
Forumun əsas məqsədi Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı iqtisadi əlaqələrin dərinləşdirilməsi, investisiya təşviqinin gücləndirilməsi, ticarət dövriyyəsinin genişləndirilməsi və regional əməkdaşlığın artırılmasıdır. İşgüzar görüşlər, sənaye və investisiya layihələrinin müzakirəsi, həmçinin qarşılıqlı biznes şəbəkələrinin formalaşdırılması da tədbirin gündəliyindədir.
Üçtərəfli biznes forumlar regional əlaqələrin vacib platforması kimi qəbul edilir və qonşu dövlətlər arasında iqtisadi inteqrasiyanı irəli aparmaq üçün mühüm rol oynayır. Azərbaycan, Türkiyə və Gürcüstan arasında uzunmüddətli iqtisadi və nəqliyyat əməkdaşlığı mövcuddur və bu tip tədbirlər həmin əməkdaşlığı daha da genişləndirmək məqsədi daşıyır.
Rəsmi Bakı, Ankara və Tbilisi illər ərzində çoxtərəfli əməkdaşlıq formatında regionun iqtisadi xəritəsini dəyişdirən nəhəng infrastruktur layihələrinə imza atıblar. Bu strateji tərəfdaşlığın nəticəsi olaraq Cənubi Qafqaz və Anadolu coğrafiyası qlobal enerji və nəqliyyat marşrutlarının əsas qovşaqlarından birinə çevrilib.
Bu çərçivədə reallaşdırılan Bakı–Tbilisi–Ceyhan neft kəməri Xəzər neftini Aralıq dənizinə çıxararaq regionun enerji təhlükəsizliyinə mühüm töhfə verib. Bakı–Tbilisi–Qars dəmir yolu isə Avropa ilə Asiyanı birləşdirən yeni logistika xəttini formalaşdırıb. Enerji sahəsində Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Xəzər qazının Türkiyə və Avropa bazarlarına nəqlini təmin edərək strateji əhəmiyyət qazanıb.
Reallaşmış bu layihələr onu deməyə əsas verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında qurulan üçtərəfli əməkdaşlıq modeli regionda sabitliyə və müsbət mənada qarşılıqlı asılılığın möhkəmlənməsinə xidmət edir.
Azərbaycan, Türkiyə və Gürcüstan Avrasiyanın nəqliyyat xəritəsində böyük potensiala malik Orta Dəhlizin də əsas iştirakçılarıdır. Bu dəhliz regionu Avropa və Asiya arasında mühüm tranzit mərkəzinə çevirir. Eyni zamanda, Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizi layihəsində də iştirak edir.
Yeri gəlmişkən, Azərbaycan Türkiyə və Gürcüstanla ticarət əlaqələrinin inkişafına xüsusi önəm verir. Hər iki ölkə ilə müxtəlif istiqamətlər üzrə intensiv ticarət dövriyyəsi həyata keçirilir. Bununla belə, Gürcüstanla müqayisədə Azərbaycanın Türkiyə ilə ticarət əlaqələri daha yüksək həcmdədir və struktur baxımından daha genişdir.
2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycan ilə Türkiyə arasında ümumi ticarət dövriyyəsi 5 milyard 200 milyon 811 min ABŞ dolları təşkil edib. Bunun 3 milyard 75 milyon 840 min ABŞ dolları ixracın, 2 milyard 124 milyon 970 min ABŞ dolları isə idxalın payına düşüb. Hesabat dövründə Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində 2-ci yerdə qərarlaşıb.
Eyni zamanda, Türkiyə Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının əsas tərəfdaşları sırasında da 2-ci mövqedə yer alıb və ümumi ixracda 16,46 faiz paya sahib olub. Gürcüstan isə bu göstərici üzrə 4-cü yerdə qərarlaşıb və onun payı 9,23 faiz təşkil edib. Hesabat dövründə Gürcüstana 621 milyon 355 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Türkiyə istiqamətində Azərbaycan investisiyalarının həcmi xüsusilə diqqətçəkəndir. Rəsmi açıqlamalara görə, Azərbaycan indiyədək Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb. Bu göstərici iki ölkə arasında formalaşmış strateji iqtisadi tərəfdaşlığın miqyasını əyani şəkildə nümayiş etdirir.
Yatırımların əsas hissəsi energetika və sənaye sektoruna yönəlib. Xüsusilə, Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın Türkiyədə reallaşdırdığı iri layihələr bu kontekstdə ön plana çıxır. SOCAR-ın Türkiyədə fəaliyyət göstərən strukturu “SOCAR Türkiyə”nin investisiyaları təxminən 18,5 milyard ABŞ dollarına çatıb. Bu çərçivədə STAR Neft Emalı Zavodu, TANAP qaz kəməri layihəsi və digər sənaye obyektləri mühüm yer tutur.
İki ölkə arasında qarşılıqlı investisiya axını da yüksək səviyyədədir. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələr 20–21 milyard ABŞ dolları təşkil etdiyi halda, Türkiyənin Azərbaycana yönəltdiyi investisiyalar təxminən 18–19 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Azərbaycan və Türkiyə arasında investisiya əməkdaşlığı təkcə makroiqtisadi göstəricilərlərdən ibarət deyil. Real sektorda şirkətlərin fəallığı ilə də müşayiət olunur. Sahibkarlıq subyektlərinin qarşılıqlı fəaliyyəti iqtisadi inteqrasiyanın praktik müstəvidə dərinləşdiyini göstərir. Hazırda Türkiyədə təxminən 3000 Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycanda isə Türkiyə kapitalı əsasında yaradılmış 4 min 600-dən artıq kommersiya qurumu qeydiyyatdan keçib və müxtəlif sahələrdə fəaliyyətini davam etdirir.
Eyni zamanda, Azərbaycan və Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə icra olunan layihələrdə birgə təmsil olunurlar. Türkiyə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuqda iştirak edən ölkələr sırasında 1-ci yerdədir. Məlumatlara görə, təxminən 20 türk şirkəti həmin ərazilərdə ümumi dəyəri 5 milyard dollara yaxın olan 50-yə qədər layihənin həyata keçirilməsində iştirak edir. Bu layihələr avtomobil və dəmir yollarının inşası, energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, eləcə də layihələndirmə və digər istiqamətləri əhatə edir.
Gürcüstan istiqamətində isə investisiya həcmləri Türkiyə ilə müqayisədə daha aşağı olsa da, sabit artım dinamikası müşahidə olunur. 2025-ci ilin ilk 9 ayı ərzində Azərbaycan Gürcüstan iqtisadiyyatına 105,2 milyon ABŞ dolları həcmində birbaşa investisiya qoyub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 1,9 dəfə çoxdur.
Ümumilikdə Azərbaycan indiyədək Gürcüstana təxminən 3,6 milyard ABŞ dolları həcmində sərmayə yatırıb. Bu investisiyalar əsasən enerji, nəqliyyat və əlaqəli infrastruktur sahələrini əhatə edir. Məlumatlara görə, təkcə SOCAR-ın Gürcüstandakı investisiyaları 2 milyard ABŞ dollarını keçib. Azərbaycan uzun illərdir Gürcüstan iqtisadiyyatında əsas xarici investorlar sırasında yer alır.
Musa BAĞIRLI
XQ


