Goranboyda Milli Qəhrəman Niyazi Aslanovun anım günüdə şəhidin xatirəsi ehtiramla anılıb.
Tap Qaraqoyunlu kənd Şəhidlər xatirə kompleksində keçirilən mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid ailələri və müharibə iştirakçıları, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Onlar Niyazi Aslanovun büstünü və Xatirə kompleksini ziyarət edərək, şəhidlərimizin ruhlarına dualar oxuyublar. Məktəblilər şəhidlərin hünərini canlandıran ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Qeyd edək ki, Niyazi Aslanov 25 dekabr 1960-cı ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində dünyaya göz açıb, burada orta məktəbi bitirib. Hərbi xidmətini başa vurduqdan sonra orta aqronom təhsili alaraq ixtisası üzrə çalışıb. Respublikamızın erməni təcavüzünə məruz qaldığı zaman o da silaha sarılaraq Vətənin müdafiəsinə qalxıb.
O, Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşub. Cəsur döyüşçü 4 may 1992-ci ildə Tap-Qaraqoyunlu kəndinin yaxınlığında qeyri-bərabər döyüşdə öz komandiri İsfəndiyar Əsədovu ölümdən xilas edərkən qəhrəmancasına həlak olub. Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır.
H.ZEYNALOĞLU,
XQ-nin bölgə müxbiri
Goranboy