Azərbaycan–Türkiyə strateji əməkdaşlıq müzakirəsi

post-img

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 15-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar ilə görüşüb.

Görüşdə Azərbaycan–Türkiyə münasibətlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq uğurla inkişaf etdiyi qeyd olunaraq qardaş ölkələrimizin bütün məsələlərdə bir yerdə olduğu və bir-birini dəstəklədiyi vurğulanıb. Qeyd olunub ki, qardaş ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əlaqələr uğurla inkişaf edir.

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasının bölgədə çox ağır fəsadlar yaratdığını deyən Hulusi Akar ATƏT, Avropa İttifaqı kimi təşkilatların baxışlarının nə qədər zərərli olduğunu söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasının regionda yeni reallıqlar yaratdığını söyləyərək Ermənistanın sülh sazişini imzalamaq üçün lazımi iradə göstərməsini, Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmasını arzuladığını bildirib.

Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayaraq bu məsələdə də Azərbaycanın dövlət başçısının qəti iradəsinin şahidi olduqlarını deyib.

Sahibə Qafarova TBMM-in komitə sədrinin Şuşa və Xankəndiyə səfəri zamanı səsləndirdiyi fikirləri məmnunluqla qeyd edərək bildirib ki, Şuşa həqiqətən də təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün bir bayraq, simvoldur. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bütün Türk dünyasının qələbəsidir və qardaş ölkələrimizin birliyinin daha da gücləndirilməsində mühüm amildir.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova bu gün dünyada olduqca gərgin proseslərin baş verdiyini, ölkələrimizin müxtəlif təzyiqlərlə və ikili standartlarla üzləşdiyini xatırladaraq regionda müxtəlif ölkələrin və dairələrin öz gizli planlarını həyata keçirməyə çalışdıqlarını bildirib. Bu baxımdan Azərbaycan–Türkiyə birliyinin regional sabitlik, təhlükəsizlik üçün olduqca mühüm amil olduğu qeyd edilib. Eyni zamanda, belə proseslərin qarşısının alınmasında da Türk dünyasının birliyinin, əməkdaşlığının vacibliyi ifadə edilib.

TBMM-in komitə sədri müdafiə, təhlükəsizlik sahələrinin və müdafiə sənayesinin inkişafında Azərbaycanla Türkiyənin böyük yol qət etdiklərini, ölkələrimizin bu istiqamətdə atdığı addımların heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirib.

XQ

Son xəbərlər