Baş Prokurorluqda media seminarı

post-img

Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsində cinayət təqibi ilə media subyektlərinin qarşılıqlı əlaqələri” mövzusunda seminar təşkil edilib.

Tədbirdə televiziya kanallarının, informasiya agentlikləri və xəbər saytlarının, müxtəlif qəzetlərin jurnalistləri, eləcə də hüquq fakültəsində təhsil alan tələbələr iştirak ediblər. Treninq media və prokurorluq orqanları arasında qarşılıqlı əlaqənin müxtəlif aspektlərini əhatə edib.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, istintaqa nəzarət idarəsinin böyük prokuroru Rəşad Qasımov prokurorluqda aşkarlıq, şəffaflıq, təqsirsizlik prezumpsiyasının media materiallarında qorunmasının əhəmiyyəti, bu prinsipin pozulmasının hüquqi və sosial fəsadları, eləcə də ictimaiyyətin obyektiv məlumatlandırılmasının vacibliyini vurğulayıblar. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Memarlıq və İnşaat Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev sosial media üçün xidməti məlumatların hazırlanma və mediada yayılma qaydası, eləcə də sosial media savadlılığı mövzusunda seminar keçiblər.

Bildirilib ki, informasiya texnologiyalarının sürətli inkişafı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində cinayət təqibi orqanlarının, media subyektlərinin və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini labüd edir. Bu səbəbdən media subyektləri və vətəndaş cəmiyyəti institutları ilə Baş Prokurorluq müntəzəm əlaqədədir, müasir çağırışlara cavab verən tədbirlər keçirilir.

Prokurorluq əməkdaşları və media nümayəndələri arasında effektiv informasiya mübadiləsinin hüquqi əsasları və etik çərçivəsi də geniş şəkildə müzakirə olunub. Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” adlı nəşrin təqdimatı keçirilib. Sosial media və media savadlılığı mövzusunu əhatə edən sessiyalarda rəsmi məlumatların hazırlanması, yayım standartları və ictimai maraq doğuran məsələlərin dəqiqliklə çatdırılması ilə bağlı praktiki tövsiyələr verilib. Tədbirin sonunda iştirakçılar Baş Prokurorluğun inzibati binalar kompleksi ilə tanış olub.

R.ABİŞOV
XQ

Son xəbərlər