“Qlobal informasiya mühiti və media trendləri” konfransı
Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilib.
Konfrans Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı çərçivəsində, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbu orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev Sarayının foyesində təşkil olunmuş sərgi də Naxçıvan mediasının fəaliyyəti, tarixi, müasir media məhsulları və gənc jurnalistlərin fəaliyyətlərinə dair materiallarla tanış olublar. Naxçıvan televiziyasının stendinə baxış zamanı televiziyanın "Azerspace-1" peyki üzərindən rəsmi yayımı həyata keçirilib.
Sonra “Qlobal informasiya mühiti və media trendləri” konfransı işə başlayıb. Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün mətbuat işçilərini səmimi-qəlbdən təbrik edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ölkəmizdə mətbuata, jurnalist əməyinə çox böyük hörmət, diqqət və dövlət dəstəyinin olduğunu qeyd edərək vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda mətbuatın inkişafı sahəsində əsaslı işlər görülüb, dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev də mətbuatın inkişafına da xüsusi qayğı göstərir. Dövlət başçımızın “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamı mətbuatın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov konfransın Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacağını bildirərək, qlobal informasiya mühitinin media trendlərinin formalaşmasına təsirindən danışıb. Qeyd edib ki, qlobal media forumlarında Prezident İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda, başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov bildirib ki, milli mətbuatın 150 illik yubileyi kimi tarixi bir hadisə ərəfəsində qədim Naxçıvanda MEDİAFEST-in keçirilməsi simvolik məna daşıyır. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Prezidentinin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamından bəhs edərək, bu addımı dövlətimizin mediaya ciddi dəstəyinin nümayişi kimi dəyərləndirib.
Konfransda Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə beynəlxalq media təmsilçilərinin təbrik videoları da təqdim olunub.
Sonra “Dezinformasiya və “fake news”larla mübarizə” mövzusunda panel iclası keçirilib. Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə keçirilən paneldə Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, AnewZ TV-nin icraçı direktoru Rüfət Həmzəyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Elşad Eyvazlı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov müzakirə edilən mövzuda mülahizələrini söyləyiblər.
XQ