Dünən BMT-nin Məskunlaşma Assambleyasının 2-ci sessiyası çərçivəsində keçirilən seçkilərdə Azərbaycan BMT Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasına ilk dəfə olaraq üzv seçilib. Bu üzvlük 2025-2029-cu illəri əhatə edəcək.
İcraiyyə Şurası UN-Habitat-ın ali orqanı olan BMT Məskunlaşma Assambleyasının sessiyalararası fəaliyyət göstərən qərarverici orqanıdır. Şuranın tərkibi BMT-nin regional qrupları üzrə müəyyənləşdirilən üzv dövlətlərdən ibarətdir.
Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat ilə Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə dinamik inkişaf edir. Azərbaycan UN-Habitat-ın ən böyük donorlarındandır. Ölkəmiz 2023-cü ildə UN-Habitat-ın Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib. Azərbaycan qlobal nüfuza malik olan, on minlərlə iştirakçının qatıldığı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 2026-cı il mayın 17-22-də ev sahibliyi edəcəkdir.
XQ